Əmir Abdullahiyan və Stefan De Mistura Suriya olaylarını araşdırdılar
-
Əmir Abdullahiyan və Stefan De Mistura Suriya olaylarını araşdırdılar
İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Suriya böhranının müxaliflərlə hakimiyyət arasında müzakirələr formatında sadəcə siyasi həll yoluna malik olduğunu bildirib.
Hüseyn Əmir Abdullahiyan BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De Mistura ilə telefon söhbətində Suriyadakı terrorçu qruplaşmalar və siyasi həll yoluna üstünlük verən müxalif qrupların siyahısının hazırlanmasının BMT-nin səlahiyyətləri çərçivəsində olduğunu vurğulayaraq, İran İslam Respublikasının BMT-nin bu məsələdəki aktiv rolunu himayə etdiyini bildirib.
Əmir Abdullahiyan Suriya hökuməti ilə müxalif olan cərəyanların başçılarının Ərəbistanda baş tutan son iclasına işarə edib və deyib: Ər-Riyad iclası və Ərəbistan tərəfindən müxalif qrupların siyahısının təqdim edilməsi Vyana iclasında əldə olunmuş anlaşmadan kənar bir işdir və Tehran onu təsdiq etmir.
BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De Mistura da bu telefon söhbətində Suriya böhranı üçün siyasi həll yolunun tapılması istiqamətində olan son səylərə işarə edib və İran İslam Respublikasının rolunu önəmli adlandırıb.