İran misirli Quran qiraətçilərinin Quran fəaliyyətinin qadağan edilməsinə reaksiya verib
İrana səfər etdiyinə görə, iki misirli Quran qiraətçisinin Quran qiraət etməsinin qadağan olunmasının ardınca İran İslam Respublikasının "Dar-ul-Quran-ul-Kərim" təşkilatı Misirin vəqflər nazirliyinə və Əl-Əzhər təşkilatına müraciət göndərib.
ISNA-nın məlumatına görə, İran İslam Respublikasının "Dar-ul-Quran-ul-Kərim" təşkilatı bu müraciətdə İrana səfər etdiyinə görə, iki misirli Quran qiraətçisinin Quran qiraət etməsinin qadağan olunması xəbərini inanılmaz adlandırıb və bildirib ki, bu addım Quranın və Böyük Peyğəmbər(s.ə.s)-ın göstərişlərinə ziddir.
Müraciətdə deyilir: Misir xalqı islami oyanışın hesabına zalım hökmdarın hökmranlığı altından azad olaraq, qələbə şənliyinə qərq olanda, İran İslam Respublikası, bu gün İŞİD və Əlqaidə fitnəkarlarını maliyyə cəhətdən dəstəkləyən və silahlandıran Amerika, İsrail rejimi və bəzilərinin əksinə olaraq, misirlilərin inqilabına dəstək çağırışı verdi.
İran İslam Respublikasının "Dar-ul-Quran-ul-Kərim" təşkilatı bu müraciətdə sonra bildirib: Misir xalqının islami oyanışının düşmənləri əllərindən gələn fitnəni törədiblər, amma Misirdəki bəzi şəxslər özlərinin əsl düşmənlərini tanımaqda xətaya yol veriblər.
İran İslam Respublikasının "Dar-ul-Quran-ul-Kərim" təşkilatının müraciətində daha sonra deyilir: Bu gün İranın şiə xalqı Fələstin, Suriya, Yəmən və digər islami ölkələrdəki öz sünni qardaşlarının müsibətlərindən narahatdır və İslam ümmətinin torpağı və namusunun müdafiəsi yolunda əlindən gələni əsirgəmir.
Müraciətdə sonra belə vurğulanır: Quran İran və Misir xalqları arasında müştərək bir bağdır. Buna görə, iki ölkənin xalqları azacıq düşüncə ilə dostu düşməndən ayırmaqda strateji xətaya düçar olmamalıdırlar.