İnanclı insanların da azad olunması zəruridir - Ərəstun Oruclu
Martın 17-də imzalanan əfv sərəncamı ilə azadlığa buraxılan 140-dan artıq məhbusun 14-ü siyasilərdir. Azərbaycanda isə yüzdən artıq siyasi məhbusun olduğu bildirilir. Ekspert inanclı insanların da azad olunması zərurətini vurğulayır.
Ekspert Ərəstun Oruclu dövlət başçısı İlham Əliyevin bütün siyasi məhbusları nə səbəbdən əfv siyahısına salmamasının səbəbləri ilə bağlı qeyd edib ki, səbəb, hakimiyyətin zəif görünmək istəməməsi olub: “Birincisi, siyasi məhbusların buraxılması prosesi özü bizim üçün çox ağrılı bir prosesdir. Bunun ətrafında neçə müddətdir ki, yüksək səviyyədə müzakirələr gedir, cəmiyyətin, beynəlxalq təşkilatların təzyiqləri, tələbləri, hakimiyyətin inkarçı mövqe tutması və sair hadisələrin fonunda nəhayət, bu, baş verdi. Əfvlə də xeyli insan azad olundu. Ancaq siyasi məhbusların hamısı azad olunmadı. Bu, təəssüf doğurur. Düşünürəm ki, bu da növbəti addımda olacaq. Mütləq olacaq. Ona görə ki, artıq hakimiyyət gördü ki, siyasi məhbusları həbsdən azad etməsini heç kim zəiflik kimi qəbul etmir. Çünki hakimiyyətin daxilində bəzi adamlar belə bir fikir formalaşdırıblar ki, guya opponentlərini həbsxanadan buraxmaq hakimiyyətin zəifliyi kimi təqdim olunacaq. Amma bu, olmadı. Artıq ilkin reaksiyalardan da bu, görünür.
Ərəstun Oruclu hesab edir ki, hakimiyyət artıq növbəti addımları atmaq üçün kifayət qədər motivlərə malikdir: “Əvvəllər də demişəm ki, siyasi məhbus məsələsini ölkəmizin kənarından daxilə qaytarmaq lazımdır. Bu, daxili məsələmizdir, cəmiyyət olaraq, Azərbaycan olaraq, dövlət olaraq, onun müxtəlif kəsimləri olaraq bizim məsələmizdir. Düşünürəm ki, hakimiyyət məhz bu addımı ona görə atmadı ki, birdən zəif kimi görünər. Amma inanıram ki, bu addım da yaxın zamanlarda atılacaq. Ümumiyyətlə, Azərbaycanda siyasi məhbus məsələsi arxa plana keçəcək.”
Ekspert Ərəstun Oruclu inanclı insanların da azad olunmaları zəruriliyindən danışır: “Siyasi məhbuslar kimi tanınmış şəxslər arasında inanclı kəsimin nümayəndələri də var, dindarlar var. Və onların bir hissəsi faktiki olaraq şərlənərək tutulub. Yəni bunu da nəzərə almaq lazımdır. Bu insanların da azad olunması zəruridir. Çünki bu, cəmiyyətin səfərbər olunması, cəmiyyətin bütövləşməsi üçün vacib bir məsələdir. Ümid edirəm ki, bu addım atılacaq və hakimiyyət burada inkarçı mövqe tutmayacaq”.