Avq 04, 2016 18:01 Asia/Baku
  • İran Parlament heyəti Bəşşar Əsəd ilə görüşdü
    İran Parlament heyəti Bəşşar Əsəd ilə görüşdü

Əlaəddin Brucerdi: Suriya ordusunun terrorizm ilə mübarizədəki uğurları Suriya xalqının başucalığına, ölkənin düşmənlər qarşısında müdafiə edilməsində qətiyyətli, mübariz və dözümlü olmasına səbəb olub.

İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi və onu müşayiət edən heyət Suriyaya olan səfərinin davamında bu ölkə prezidenti Bəşşar Əsəd ilə görüşüb, danışıqlar aparıb. 

Suriya prezidenti bu görüşdə ordu və müqavimət qüvvələrinin Hələb uğrunda gedən döyüşlərdə əldə etdiyi uğurların gələcəkdə müqavimət cəbhəsinin regionda güclənməsinə səbəb olacağını bildirib. 

Bəşşar Əsəd Əlaəddin Brucerdinin başçılıq etdiyi İran İslam Şurası Məclisinin nümayəndə heyəti ilə görüşdə Ərəbistan və Türkiyənin Suriya böhranı ilə bağlı destruktiv rəftarını qınayaraq, deyib: Ərəbistanın İraq, Suriya, Livan və Yəməndə ardıcıl məğlubiyyətlər ilə üzləşməsi sübut etdi ki, region xalqlarının maraqları əleyhinə çıxış edən ölkələr daim dalana dirənəcəklər. 

Bəşşar Əsəd həmçinin, terrorçu qruplaşmaların Hələbdə rüsvayçı məğlubiyyətinə işarə edərək, deyib: Terrorçuların himayədarları xüsusi ilə də Amerika, Ərəbistan və İordaniya artıq şimal cəbhəsindən əllərini üzərək, indi də cənub cəbhəsinə bel bağlayırlar. 

Suriya prezidenti daha sonra dövlətin silahlı müxaliflərlə bağlı ümum milli amnistiya elan etməsinə işarə edərək, deyib: Əməlindən peşman olaraq, silahı yerə qoyan və dövlət qüvvələrinə təslim olanların sayı 8000 nəfərə çatıb. Bu isə o deməkdir ki, terrorçular cənub cəbhəsində heç bir iş görə bilməyəcəklər. 

B.Əsəd Türkiyədə dövlət əleyhinə uğursuz çevriliş cəhdini bu ölkə prezidenti Rəcəb Təyyib Ərdoğan üçün təhlükə siqnalı adlandıraraq, Ankaranı Suriya başda olmaqla region ölkələrinə qarşı qalmaqallı siyasətlərdən əl çəkməyə, Tehran və Moskva ilə əməkdaşlıq etməyə dəvət edib və deyib: Heç şübhəsiz bu Türkiyə dövləti və xalqının xeyrinə olacaq. 

Bəşşar Əsəd həmçinin, İran İslam Respublikasının mövqeyini yüksək qiymətləndirib və İslam İnqilabının Böyük Rəhbərinə Suriyanı himayə üzrə göstərişləriniə görə təşəkkür edib.

Əsəd deyib: Müharibədən sonrakı dövrdə, Suriyanın bərpası və yenidənqurma işləri zamanı da İran İslam Respublikası Dəməşqin ən böyük iqtisadi şəriki olacaq. 

Bəşşar Əsəd əlavə edib: Bəzi ölkələrin terrorizmi himayədə israrlı olması terror və terrorizmin genişlənməsinə səbəb oldu. 

"Regionun gələcəyini terrorizm ilə üzləşdiyi zaman ölkəsini və müstəqilliyini qorumaq üçün var gücü ilə mübarizə aparan xalq təyin edəcək." - deyə Əsəd bildirib. 

İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi də bu görüşdə deyib: Suriya ordusunun terrorizm ilə mübarizədəki uğurları Suriya xalqının başucalığına, ölkənin düşmənlər qarşısında müdafiə edilməsində qətiyyətli, mübariz və dözümlü olmasına səbəb olub. 

İran İslam Şurası Məclisinin nümayəndə heyətinin sədri bir daha İranın terrorizm ilə mübarizədə Suriyaya olan dəstəyinin davam edəcəyinə təkid edib və deyib: siyasi diplomatiya ilə  yanaşı parlamentlərarası diplomatiyanın da aktivləşməsi ilə region xalqlarının maraqlarının müdafiəsində müqavimət cəbhəsinin haqlı mövqedə olduğu daha artıq təsbit edilmiş olacaq. 

Teqlər