Mina şəhidlərinin ailələri beynəlxalq faktaraşdırıcı komitənin təşkilini istəyir
-
Mina şəhidlərinin ailələri beynəlxalq faktaraşdırıcı komitənin təşkilini istəyir
Mina şəhidlərinin ailələrindən bir qrupu BMT-nin insan haqları komissiyasına məktub göndərərək Mina faciəsinin baş verməsi səbəblərinin aydınlaşdırılması üçün beynəlxalq faktaraşdırıcı komitənin təşkil olunmasını istəyib.
Mina faciəsi şəhidlərindən biri Seyid Hüseyn Mirmurtəzəvinin həyat yoldaşı İRNA ilə müsahibədə deyib: Mina şəhidlərinin ailələri bu məktubda faktaraşdırıcı komitənin təşkil olunması və quraşdırılmış kameralarla hadisə ilə bağlı qeydə alınan video-materialın götürülərək araşdırılmasını istəyiblər.
Rəzəvi Xorasanı vilayətində Mina faciəsi şəhidlərinin ailələrinin nümayəndəsi Xədicə Mirmurtəzəvi deyib: Beynəlxalq qanunlara əsasən, viza ilə bir ölkəyə daxil olan şəxslərin can təhlükəsizliyinin ev sahibi ölkənin üzərində olduğuna görə, Səudiyyə Ərəbistanı hökuməti bu hadisənin məsuliyyətini qəbul etməli və kompensasiya ödəməklə analoqu olmayan bu faciə qarşısında ən kiçik vəzifəsini belə yerinə yetirməlidir.
Mirmurtəzəvi bildirib: Hazırda faktaraşdırıcı komitənin təşkili və imzatoplama üçün beynəlxalq səy formalaşıb və Mina şəhidlərinin ailələrinin əksəriyyəti bu məsələni izləyir.
Minlərlə zəvvar, o cümlədən 464 iranlı 2015-ci il 24 sentyabrda Qurban bayramı günü Minada həcc ayinlərini yerinə yetirərkən Ali-Səud məmurlarının səhlənkarlığı nəticəsində həyatını itirdi.