Ruhani: "Nüvə anlaşmasının qorunmasının yeganə yolu ABŞ sanksiyalarının ləğvidir"
İran prezidenti ABŞ-ın nüvə anlaşmasından birtərəfli qaydada çıxmasından sonra Avropanın da bu anlaşma çərçivəsindəki öhdəliklərini yerinə yetirmədiyini tənqid edərək, vurğulayıb: "Əgər Avropa doğrudan da nüvə razılaşmasının qüvvədə qalmasını istəyirsə, praktiki addımlar atmalıdır".
SəhərAzəri xəbər verir, dünən (17 fevral) İran İslam Respublikası prezidenti Həsən Ruhani və Almaniya kansleri Angela Merkel arasında elefon danışığı baş tutub. Həsən Ruhani telefon söhbəti zamanı deyib:
"BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənən və İranın və dünyanın ən böyük altı ölkəsinin səyləri nəticəsində qəbul edilən nüvə razılaşmasının dəqiq bir çərçivəsi var və dəyişməzdir, bu səbəbdən də müqaviləyə yeni əlavələrin edilməsinə ehtiyac yoxdur.".
Sanksiyalar davam edərsə və tərəflərin öhdəliklərinə əməl etməyəcəyi təqdirdə nüvə razılaşmasının legitimliyinin şübhə altına düşdüyünü söyləyən prezident Ruhani, deyib: "Nüvə anlaşmasının qüvvədə qalmasının yeganə yolu ABŞ-ın qeyri-insani və qanunsuz sanksiyalarını ləğv edib anlaşmaya geri qayıtmasıdır".
H.Ruhani nəzərə çatdırıb ki, 2018-ci ildə ABŞ müqavilədən birtərəfli qaydada çıxdıqdan sonra Avropa dövlətləri də müqavilə üzrə götürdükləri öhdəlikləri yerinə yetirmədilər və İrana qarşı sanksiyalar daha da gücləndi. Əgər Avropa doğrudan da nüvə razılaşmasının qüvvədə qalmasını istəyirsə, praktiki addımlar atmalıdır.
İran İslam Respublikası prezidenti, parlamentin qəbul etdiyi qanuna əsasən, hökumətin qarşı tərəf öhdəliklərini yerinə yetirmədiyi və sanksiyaları ləğv etmədiyi təqdirə öhdəliklərini daha da azaltmaq məcburiyyətində olduğunu bildirib və qeyd edib ki, sanksiyalar ləğv edilərsə , İran da öz öhdəliklərini tam yerinə yetirəcək.
Ruhani regionda sülhün və sabitliyin vacibliyini, xarici güclərin mövcudluğu və terrorizmin yayılması ilə əlaqəli böhranları diqqətə çatdırıb və terrorizmin yayılmasını regionun keçmişinin, bu gününün və gələcəyinin ən vacib problemi olaraq, xarakterizə edib.
“Sülh və təhlükəsizlik və terrorizmin kökünün kəsilməsi yalnız bütün ölkələrin konstruktiv əməkdaşlığı ilə mümkün olacaq", - deyə Ruhani vurğulayıb.
İran İslam Respublikası prezidenti regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün İranın təşəbbüslərinə, o cümlədən Hörmüz Sülh Planına işarə edərək, Yəmən probleminin həll edilməsinin və bu ölkədəki humanitar fəlakətə son qoyulmasının vacibliyini vurğulayıb və qeyd edib ki, region problemlərinin həlli regional təşəbbüslər və dialoqlardadır və bu region ölkələridirlər ki, öz müqəddəratını təyin etməlidirlər".
Ruhani İran və Almaniya münasibətlərinin uzun keçmişinə toxunaraq, xüsusilə də iqtisadi və ticarət sahəsində iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsi və dərinləşdirilməsi vacibliyini və bu sahədə bütün imkanlardan istifadə edilməli olduğunu vurğulayıb.
O əlavə edib: "Yeni beynəlxalq şəraiti və region ölkələri ilə dünya arasında əməkdaşlıq imkanlarının yaradılmasını nəzərə alaraq, iki ölkə şirkətləri və özəl sektorlarının aktivləşdirilməsi iki ölkə arasındakı əməkdaşlıqların inkişafına səbəb ola bilər".
Ruhani, həmçinin koronavirusun yaratdığı problemləri və Avropada virusun inkişaf etmiş formasının yayılmasını əsas gətirərək, iki ölkə arasında əməkdaşlıq və xəstəliklə mübarizə təcrübələrinin mübadiləsi vacibliyini qeyd edib.
Almaniya kansleri Angela Merkel də bu telefon əlaqəsində, beynəlxalq bir razılaşma olaraq, Əhatəli Müştərək Təşəbbüs Proqramının qorunması və fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyin, habelə regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün ikitərəfli əlaqələrin və bütün ölkələr arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.