Peyğəmbərimizin vəfatı və ikinci imamımızın şəhadət günüdür
https://azeri.sahartv.ir/news/İran-i381780-peyğəmbərimizin_vəfatı_və_ikinci_imamımızın_şəhadət_günüdür
Bu gün İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) vəfatı və İmam Həsənin (ə) şəhid edildiyi gündür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2021 06:20 Asia/Baku
  • Peyğəmbərimizin vəfatı və ikinci imamımızın şəhadət günüdür

Bu gün İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) vəfatı və İmam Həsənin (ə) şəhid edildiyi gündür.

SəhərAzəri-nin məlumatına əsasən, hicri-qəməri təqvimi ilə səfər ayının 28-i Həzrət Məhəmməd peyğəmbərin (s) vəfatı və ikinci imam Həzrət Həsən ibni Əlinin (ə) şəhid edilən günüdür.

Həzrət Peyğəmbər hicrətin 11-ci ilində 2 həftə davam edən xəstəlikdən sonra səfər ayının 28-də Mədinə şəhərindəki evində dünyasını dəyişib

Allahın sonuncu rəsulu ilahi peyğəmbərlik vəzifəsini 23 il daşıyıb və bu müddətdə Allahın ona vəhy etdiyi Qurani-kərimi, İslam dinini insanlara çatdırıb. O, ilahi dini kamil şəkildə insanlara çatdıraraq, Allah qarşısında bəhanə gətirilməsinə son qoyub. Bundan sonra heç kəs və heç bir zümrə "bizə deyilməyib, biz eşitməmişik" kimi bəhanələri gətirərək, Allahın təyin etdiyi məsuliyyətlərdən qaça biləcəyini iddia edə bilməz. Xüsusilə Həzrət Məhəmmədin (s.ə.s) həyatının son günlərində iki mühüm əmanət - Qurani-kərim və Əhli-beyt barədə bildirdiyi tövsiyələr, etdiyi sifarişlər bütün müsəlmanlar tərəfindən eşidilib və qəbul edilib. Bu tövsiyələrdən boyun qaçıranlar isə yalnız inadkarlardır.

İmam Həsən də (ə) Həzrət Peyğəmbərdən 39 il sonra eyni gündə - səfər ayının 28-də zəhərlənərək şəhid edilib. Bu hadisə hicrətin 50-ci ilində baş verib. Əslində peyğəmbərin bəşəriyyət üçün əmanət qoyub getdiyi İslam dininin hansı müsibətlərə düçar olmasının ən böyük şahidlərindən biri də İmam Həsən(ə) olub. İmam Həsən (ə) atası İmam Əlidən (ə) sonra İslam dinini təhrifdən qorumaq uğrunda daim mübarizə aparıb və elə bu yolda şəhid olub.