İran və Venesuela arasında 20 illik əməkdaşlıq sənədi imzalanacaq
-
İran və Venesuela
İranın xarici işlər naziri yaxın gələcəkdə İranla Venesuela arasında 20 illik əməkdaşlıq sənədinin hazırlanacağını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən,İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İranda səfərdə olan venesuelalı həmkarı Feliks Plasensia ilə keçirdiyi birgə mətbuat konfransında deyib: "Danışıqlarımızın davamında İranla Venesuela arasında 20 illik əməkdaşlıq üçün bir yol xəritəsi tərtib etmək barədə razılaşdıq. Bu ilin sonuna qədər Tehranda iki ölkənin birgə iqtisadi əməkdaşlıq komissiyasının iclası keçiriləcək və biz iki ölkə arasında uzunmüddətli əməkdaşlıq üçün yol xəritəsini aktivləşdirəcəyik".
Əmir Abdullahiyan, həmçinin Venesuela prezidenti Nikolas Maduronun yaxın gələcəkdə Tehrana səfər edəcəyini bildirib və deyib: "Bu səfər zamanı iki ölkə arasında 20 illik əməkdaşlıq sənədi imzalanacaq. Son illərdə bütün texniki, iqtisadi, ticarət, elm və texnologiya, mədənçilik və enerji sahələrində yaxşı müqavilələr imzaladıq və bunların əhəmiyyətli hissəsi həyata keçirilməkdədir".
İranın xarici işlər naziri, həmçinin İran İslam Respublikasının Venesuela xalqını, prezidenti və Venesueladakı bütün hüquqi qurumları dəstəklədiyini vurğulayıb.
Venesuelanın xarici işlər naziri də bu mətbuat konfransında İranı Venesuela hökumətinin, xalqının və prezidentinin strateji dostu olaraq xarakterizə edib.
İran ilə Venesuela arasındakı əməkdaşlığın hər iki ölkənin maraqlarına uyğun olduğunu ifadə edən Plasensia deyib: "20 illik ortaq sənəd şübhəsiz ki, xalqlarımızın tərəqqisi üçün bir vasitədir".
Feliks Plasensia, həmçinin ölkəsinin xarici müdaxiləni qəbul etmədiyini də bildirib.