ABŞ və sionist rejim kimyəvi silahların tam məhvinə mane olurlar
İranın BMT-dəki səfiri və daimi nümayəndəsinin müavini bildirib ki, Amerika və sionist rejim dünyada kimyəvi silahların tam şəkildə məhv edilməsinə əsas maneədirlər.
SəhərAzəri-nin məlumatına əsasən, Zəhra İrşadi yerli vaxtla çərşənbə günü BMT Təhlükəsizlik Şurasının Qərbi Asiyaya həsr olunmuş yığıncağında deyib: Biz hər hansı kəs tərəfindən, hər hansı məkanda və hər hansı şəraitdə kimyəvi silahlardan istifadəni kəskin tərzdə pisləmək üzrə öz çoxdankı və prinsipial mövqeyimizi təkrar edirik.
İran İslam Respublikasının BMT-dəki yüksək vəzifəli diplomatı əlavə edib: Kimyəvi silahlardan bir daha istifadə edilməyəcəyi barədə yeganə mütləq zəmanət, bütün dünyada bütün kimyəvi silahların məhv edilməsi, həmçinin gələcəkdə bu kimi silahların istehsal və onlardan istifadə edilməyəcəyinə əmin olmaq üçün bütün zəruri tədbirlərin görülməsidir.
İrşadi daha sonra deyib: Əslində, bu, kimyəvi silahların qadağan olunması konvensiyasının əsas hədəfidir. Bu hədəf, yalnız konvensiyanın ayrı-seçkilik edilmədən, təsirli, balanslı və tam şəkildə icrası, həmçinin onun cahanşümulluğu yolu ilə həyata keçirilə bilər.
İranın BMT-dəki nümayəndəsinin müavini söyləyib: Hələ də qeyd edilən konvensiyanın yeganə üzvü kimi kimyəvi silaha malik olan Amerikanın həmin silahların məhv edilməsi üzrə sonuncu möhlətdə də öz öhdəliklərinə sadiq qalmaması nəticəsində bu məqsəd hələ reallaşmayıb və bu, ciddi nigarançılığa əsas verir.
İran İslam Respublikasının BMT-dəki yüksək vəzifəli diplomatı sonra belə qeyd edib: Bu sahədəki digər maneə, konvensiyanın cahanşümul olmamasıdır. Bu yüksək hədəfə çatmaq üçün İsrail rejimi heç bir önşərt və ya daha artıq təxir olmadan bu konvensiyaya qatılmağa məcbur edilməlidir.
İranın BMT-dəki nümayəndəsinin müavini daha sonra vurğulayıb: Biz bir daha konvensiyanın icra edilməsinin siyasiləşdirilməsinin onun gücü və etibarına ciddi təsirləri barədə xəbərdarlıq və bu səbəbdən, kimyəvi silahların qadağan edilməsi təşkilatının fəaliyyətinin siyasiləşdirilməməsini tələb edirik. Konvensiyanın bütün üzvləri öz milli hədəflərini irəlilətmək üçün siyasi məqsədlərlə bu təşkilatdan sui-istifadə etməkdən çəkinməlidirlər.