Əlaqələrin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlməkdədir-TƏHLİL
https://azeri.sahartv.ir/news/İran-i385630-Əlaqələrin_səviyyəsi_əhəmiyyətli_dərəcədə_yüksəlməkdədir_tƏhlİl
İran və Azərbaycan rəsmilərinin qarşılıqlı səfərləri əlaqələrin inkişaf dinamikasını sürətləndirmişdir
(last modified 2024-06-07T05:07:56+00:00 )
Fev 01, 2022 10:27 Asia/Baku
  • Tehran-Bakı
    Tehran-Bakı

İran və Azərbaycan rəsmilərinin qarşılıqlı səfərləri əlaqələrin inkişaf dinamikasını sürətləndirmişdir

İran-Azərbaycan münasibətlərində gedən son proseslər göstərir ki, tərəflər iki ölkə arasında əlaqələri möhkəmləndirmək iradəsinə malikdir. Bu, İran hökumətinin qonşu dövlətlərlə qarşılıqlı əlaqələri gücləndirmək siyasətinə sadiqliyini də təsdiqləyir.

İranın yol və şəhərsalma naziri Qasim Rüstəminin Bakıya ötən həftə etdiyi səfər, eləcə də Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovun İrana səfəri bu baxımından iki müsbət hadisə kimi xarakterizə olunur. Və bu, münasibətlərin parlaq gələcəyindən xəbər verir.

Aydın məsələdir ki, nəqliyyat sahəsi İranın qonşuları ilə əməkdaşlığının əsas istiqamətlərindən biridir. Bu sahədə əməkdaşlığın genişləndirilməsi həm gəlir, həm də regional təhlükəsizliyin təmini baxımından əhəmiyyətlidir. Çox sayda qonşusu olan İran Mərkəzi Asiya və Qafqaz ölkələrini Fars Körfəzi sularına və Avropa qitəsinə birləşdirən böyük ölkədir. Azərbaycan isə öz növbəsində, İranın Qara Dəniz və Rusiyadan keçməklə Avropaya çıxış körpüsü, şimala uzanan dəmir yolu marşrutudur. Odur ki, iki ölkə arasında əlaqələrin genişlənməsi strateji əhəmiyyət daşıyır. Belə bir vəziyyətdə Azərbaycanın Rəşt-Astara dəmir yolu vasitəsi ilə “Şimal-Cənub” dəhlizinə qoşulması ciddi iqtisadi qazanc deməkdir.

Rüstəm Qasiminin Azərbaycan Respublikasına səfəri sözügedən marşrutun, xüsusən də onun 35 kilometrlik Rəşt-Ənzəli hissəsinin tikintisinin sürətlənməsinə səbəb olarsa, təkcə dəmir yolu tranziti deyil, həm də İran, Azərbaycan, Rusiya və Xəzər Dənizi boyunca yerləşən digər ölkələr arasında dəniz nəqliyyatı da genişlənəcək.

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Tehran səfərinə gəlincə, onun ölkə prezidenti, Silahlı Qüvvələrin Baş Qərargah rəisi və müdafiə naziri ilə apardığı konstruktiv danışıqlar hərbi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənəcəyini vəd edir.

Müdafiə nazirləri arasında mütəmadi olaraq Tehran və Bakıda görüşlər keçirilir ki, bu da iki ölkə arasında etimadın yüksək səviyyədə olduğunu göstərir. Belə danışıqların nəticələri adətən açıqlanmasa da, güman etmək olar ki, bu səfər çərçivəsində birgə hərbi təlimlərin davam etdirilməsi, müdafiə sənayesində əməkdaşlığın inkişafı müzakirə olunub, İran Azərbaycanın müdafiəsinin gücləndirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.

İranın yol və şəhərsalma nazirinin Bakıya, Azərbaycan müdafiə nazirinin isə Tehrana səfəri bir daha göstərir ki, İranla Azərbaycan qarşılıqlı əlaqələri möhkəmləndirmək, ikitərəfli münasibətləri genişləndirmək üçün yaxşı imkanlara malikdirlər. Buna nail olunarsa, iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələrin səviyyəsi əhəmiyyətli dərəcədə yüksələcəkdir.