İran Hindistan səfirini Xarici İşlər Nazirliyinə çağırıb
Hindistanda bir televiziya proqramında Əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədə (s.ə.s) hörmətsizlik edilməsi fonunda Hindistanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
SəhərAzəri-nin məlumatına əsasən, Hindistanın hakim partiyası olan ifratçı "Baharatiya Canata" partiyasının sözçüsü Naveen Kumar Cindalın İslamın əziz peyğəmbərinə hörmətsizlik etməsindən və etirazlar artmasından sonra sözü gedən partiya bir bəyanat yayaraq, onun vəzifəsindən azad edildiyini bildirib.
Hindistanın hakim partiyasının bəyanatında deyilir: "Biz bütün dinlərə maksimum hörmətlə yanaşırıq və hər hansı din və ya inancı təhqir etməyə çalışan istənilən ideologiyaya qarşıyıq. Hindistan konstitusiyası bütün dinlərə hörmət etməklə yanaşı, onlara inanc azadlığı verir".
Hindistanda bir televiziya proqramında Həzrət Peyğəmbərə (s) hörmətsizlikdən sonra Hindistanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb və İran hökuməti və xalqının bu məsələ ilə bağlı etirazı Hindistan səfirinə çatdırılıb.
Hindistan səfiri bu görüşdə baş verənlərdən təəssüfləndiyini və İslam peyğəmbərinin (s) təhqir olunmasının qəbuledilməz olduğunu bildirib.
O, bu məsələnin Hindistan hökumətinin mövqeyini əks etdirmədiyini söyləyərək, hörmətsizlik edənin heç bir dövlət vəzifəsi olmadığını, təkcə partiya üzvü olduğunu, lakin bu hərəkətdən sonra həmin partiyadan da qovulduğunu bildirib.