İranın yaxın qonşuluq siyasəti öz bəhrəsini verməkdədir
Ermənistanla Fars Körfəzi arasında tranzit dəhlizi yaradılır
İran Ermənistan və Fars körfəzi arasında tranzit dəhlizi yaratmağa hazırdır. Bu barədə İranın yol və şəhərsalma naziri ermənistanlı nazirlə görüşdə bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Rüstəm Qasimi bu gün Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanla görüşündə İran şirkətlərinin İran və Ermənistan arasında nəqliyyatı inkişaf etdirməyə və Şərqi Azərbaycanın Nurduz kəndi üzərindən Ermənistanla Fars Körfəzi arasında yeni tranzit dəhlizinin yaradılmasına hazır olduğunu bildirib.
Onun sözlərinə görə, İran şirkətlərinin tunel, yol və binaların tikintisində Ermənistanla əməkdaşlıq etməsinə qərar verilib.
O, əlavə edib ki, iki ölkə arasında əldə olunan razılaşma əsasında Nurduz sərhədindən Vərziqan və Təbrizə qədər şimal-cənub dəhlizinin tamamlanması və inkişaf etdirilməsi qərara alınıb.
Qasimi deyib ki, İranın tikintisi sahəsində yaxşı təcrübəyə malik olması səbəbindən tikinti şirkətləri Ermənistanda fəaliyyətə başlayacaq.
Nazir qeyd edib ki, İranın şimalında 200 milyon tondan çox yük daşınır ki, bu da iki ölkə arasında mübadilənin inkişafı üçün yaxşı fürsət sayıla bilər.
İranın dünyada dördüncü ən böyük sement istehsalçısı olduğunu və polad istehsalı sahəsində də təsirli olduğunu vurğulayan Qasimi sonda deyib ki, bu məhsullar Ermənistana da ixrac olunacaq.