Noy 30, 2022 14:20 Asia/Baku
  • Əmir-Abdullahiyanla Çavuşoğlu arasında telefon söhbəti olub

İran və Türkiyənin xarici işlər nazirləri Hüseyn Əmir-Abdullahiyan və Mövlud Çavuşoğlu dünən gecə telefonla Türkiyə ilə Suriya arasındakı hərbi toqquşmalar və son sərhəd hadisələri və durumu ətrafında fikir mübadiləsi aparıblar.

Türkiyə ordusu son günlər ərzində terrorçularla mübarizə bəhanəsilə Suriyanın şimalına qarşı basqınlarının yeni mərhələsinə başlayıb. Bu hücumlar Suriya hökumətinin kəskin cavabı ilə üzləşibdir.

Qeyd olunan telefon söhbətində İran İslam Respublikasının, Türkiyənin təhlükəsizlik nigarançılıqlarını dərk etdiyi və bu nigarançılıqların aradan qaldırılması vacibliyini qeyd edən  Əmir-Abdullahiyan, sözügedən məsələnin reallaşmasının, iki ölkə arasında təhlükəsizlik dialoqlarının davam etdirilməsini tələb etdiyini bildirib. Xatırladıb ki, quru hərbi əməliyyatlarına söykənmə, nəinki problemlərin həllinə kömək etməyəcək, əksinə vəziyyətin daha da mürəkkəbləşməsi və xəsarətlərin yaranmasına bais olacaq.

İran xarici işlər naziri sonra Türkiyə ilə Suriya arasında mövcud olan problemlərin siyasi həlli məqsədilə İran İslam Respublikasının istənilən yardımı göstərməyə hazır olduğunu bildirib.

Telefon danışığında cari durumu və ölkəsinin bu durum qarşısındakı mövqeyini şərh edən Türkiyə xarici işlər naziri də öz növbəsində İran İslam Respublikasının konstruktiv rolunu yüksək dəyərləndirib. Söhbət gedişatında bu təmasların davam etdirilməsi qərara alınıb.

 

Teqlər