İranla danışıqlarda diqqətəlayiq irəliləyiş əldə olunub
İranla danışıqlarda diqqətəlayiq irəliləyişin əldə olunduğunu dilə gətirən MAQATE baş direktoru bildiribdir ki, tərəflər mühafizə məsələlərinin həlli üzrə aydın bir anlayışa çatıblar.
Rafael Qrossi cümə günü bir nümayəndə heyəti ilə Tehrana daxil olub. O, cümə və şənbə günləri İran Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami ilə ikietaplı dialoq aparıb. Ondan sonra isə birgə mətbuat konfransında iştirak edib və müxbirlərin suallarını cavablandırıb.
Qrossi eləcə də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan və prezident Seyid İbrahim Rəisi ilə görüşüb.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun Tehrana ikigünlük səfəri və İranın yüksək vəzifəli rəsmilərilə görüş və müzakirələrinin sonunda sözügedən agentlik və İran Atom Enerjisi Təşkilatı əməkdaşlıqlar barədə birgə bəyanat yaydılar.
Rafael Qrossi dünən axşam Vyana hava limanında Tehrana səfəri və İranın yüksək vəzifəli rəsmilərilə görüş və müzakirələrini mühüm dəyərləndirib. Bildirib ki, irəliyə doğru hərəkət üzrə ümumi çərçivə əldə olunub.
MAQATE baş direktoru İranda altmış faizlik uran zənginləşdirilməsi barədə isə qeyd edib ki, İran İslam Respublikasının bu haqda agentliyə izahat verməyə ehtiyacı yoxdur.
Onlar elan etdikləri səviyyədə zənginləşdirmə aparırlar, sonra isə biz lazımi təftişlər həyata keçiririk- deyə Qrossi bildirib.
İranda zənginləşdirmə tərzi ilə bağlı danışıqların nəticəsini qənaətbəxş adlandıran Qrossi bildirib ki, İranın nüvə proqramı ilə bağlı, lakin bu məsələ ilə əlaqəsi olmayan digər məsələlər irəli sürülür.
O, qeyd edib ki, tezliklə mühafizə məsələlərinin həlli üçün İranda texniki iclaslar keçiriləcək.