İran Azərbaycandan izahat tələb edib
Nasir Kənani: “İran sionist rejimin təxribatına biganə qala bilməz”
Rəsmi Tehran İsrail rejiminin xarici işlər naziri Eli Kohenin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında səsləndirdiyi fikirlərə reaksiya verib.
İran Xarici İşlər Nazirliyi sionist rejimin XIN başçısı Eli Kohenin fikirlərinə və “İrana qarşı birləşmiş cəbhə” anlaşmasına görə Azərbaycandan izahat tələb edib.
İranın XİN sözçüsü Nasir Kənani deyib: “İran sionist rejimin Azərbaycan ərazisindən ona qarşı sui-qəsdinə biganə qala bilməz”
Xatırladaq ki, martın 29-da İsraildə Azərbaycan səfirliyinin açılışı olub.
Tədbirdə sonra İsrailin xarici işlər naziri Eli Kohen və azərbaycanlı həmkarı Ceyhun Bayramov mətbuat konfransında birgə bəyanatla çıxış ediblər.
Kohen çıxışında İranı regionu təhdid etməkdə, terrora dəstək verib maliyyələşdirməkdə, Yaxın Şərqdə qeyri-stabitlik yaratmaqda günahlandırıb və cəfəng açıqlamasında deyib: “Biz İrana qarşı birgə hərəkət etməliyik. İranın nüvə imkanlarını genişləndirməsinə imkan verməməliyik”.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani nazirlərin birgə bəyanatını anti-İran anlaşması və Tehrana qarşı vahid cəbhə kimi qiymətləndirib.
“Sionist rejimin xarici işlər nazirinin vahid anti-İran cəbhəsinin yaradılması ilə bağlı təklifi, eləcə də Azərbaycan xarici işlər nazirinin “Azərbaycan və sionist rejim arasında strateji tərəfdaşlığın yeni mərhələsi” adlı bəyanatı anti-İran yönümlülüyün üstüörtülü təsdiqidir. Ona görə də Azərbaycan hakimiyyətindən izahat tələb edirik”, - deyə Kənaninin ıqlamasında qeyd olunur.
O, bunu İranın milli təhlükəsizliyinə təhdid sayıb və qəti şəkildə pisləyib.
Kənani İran və Azərbaycan xalqları arasında qırılmaz tarixi və dini əlaqələrin olduğunu da qeyd edib.
O əlavə edib ki, İran İslam Respublikası hər zaman bədxahların xalqlar arasında məsafə yaratmaq cəhdlərinin qarşısını almağa çalışıb.
“Azərbaycan hökumətinin düşmənlərin qurduğu tələdən yayınması gözlənilir. İki ölkə arasında əlaqələr genişlənib. Aydındır ki, İran İslam Respublikası sionist rejimin Azərbaycan ərazisindən ona qarşı sui-qəsdinə biganə qala bilməz”, – deyə İranın XİN rəsmisi qeyd edib.