Ərdəbildə İƏT-in turizm ekspertlərinin 7-ci toplantısı keçirilib
Dünən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun 7-ci iclası İranın Ərdəbil şəhərində Şeyx Səfiəddin Ərdəbili Tarixi Kompleksindəki Xətayi qalereyasında keçirilib.
İƏT-ə üzv ölkələrin turizm ekspertləri Koronavirus pandemiyasından sonra turizmi inkişaf etdirməyin yollarını müzakirə ediblər. İƏT-ə üzv ölkələrin turizm ekspertləri müalicə turizmi, isti mineral sular və digər turizm imkanları daxil olmaqla turizm potensialının tanıdılmasının və turizm infrastrukturunun yaradılması və investisiya qoyuluşunun vacibliyini vurğulayıblar.
Turistlərin səfəri üçün lazımi şəraitin yaradılması, o cümlədən vizaların verilməsinin asanlaşdırılması və mümkün olduqda onların ləğvi, Ərdəbil ilə üzv ölkələrin digər şəhərləri arasında birbaşa aviareyslərin təşkili ekspertlərin post-korona dövründə turizmin inkişafı üçün vurğuladıqları digər məsələlər olub.
Azərbaycan Respublikasından olan ekspertlərdən ibarət nümayəndə heyətinin iştirak etdiyi bu iclasda həmin ölkənin müraciətini nəzərə alaraq, Şuşa şəhəri 2026-cı ildə İƏT-ə üzv ölkələrin turizm paytaxtı seçilib.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm nazirlərinin beşinci sammiti də bu gün Ərdəbildə keçiriləcək və ekspertlərin iclasında irəli sürülən həll yolları müzakirə ediləcək.
Hündür, küləkli yaylada uzanan Ərdəbil zəngin təbii gözəllikləri, qonaqpərvər insanları, ipək və xalça ticarəti ənənələri ilə məşhurdur. Burada həm də YUNESKO-da qeydiyyatdan keçmiş Şeyx Səfiəddin Xanəgahı və ziyarətgah ansamblı yerləşir.
Ərdəbil vilayəti qışda şaxtalı, yayda isə mülayim keçir və hər il minlərlə insanı özünə cəlb edir. Ərdəbil şəhəri adətən qışda ölkənin ən soyuq şəhərlərindən biri kimi qeydə alınır.