May 23, 2024 10:51 Asia/Baku
  • Helikopter qəzası Azərbaycan-İran münasibətlərinə necə təsir göstərəcək?

Azərbaycanın nüfuzlu portalı hesab edir ki, İran-Azərbaycan münasibətlərinin inkişafı, mövcud ziddiyyətlərin aradan qaldırılması baxımından prezidentlərin sərhəddə görüşü müstəsna əhəmiyyətə malik idi.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov İran-Azərbaycan münasibətlərinin bundan sonrakı mərhələsini Poliqon-a şərh edərkən deyib: “İran- Azərbaycan münasibətlərində olan istiləşməni daha da genişləndirmək, inkişaf etdirmək labüddür”.

Onun sözlərinə görə, Azərbaycan və İran liderlərinin sərhəddə görüşməsi də göstərir ki, tərəflər arasında münasibətlərin inkişafı üçün siyasi iradə və qətiyyət var.

Bu yaxınlarda Azərbaycanın Tehrandakı səfirliyinin yenidən fəaliyyətə başlayacağını və başqa bir əraziyə köçürüləcəyini vurğulayan politoloq qeyd edib ki, məhz hazırkı reallıqlarda İran-Azərbaycan münasibətlərinin inkişafı böyük bir coğrafiyaya, sülh, təhlükəsizlik, sabitlik üçün də bir töhfədir: Xudafərin və Qız Qalası hidroqovşaqlarının istismara verilməsinin açılışının olması dostluq və qardaşlıq layihələridir. Mühüm mesaj da bundan ibarətdir ki, bu dostluq görüşüdür. Kim bizim dostluğumuzu qəbul etmirsə, onda onlar öz işlərilə məşğul ola bilər və öz riyakar addımlarından çəkinməlidirlər.

Azərbaycanlı politoloq vurğulayıb ki, helikopter qəzasıyla bağlı məkrli fikirlərini, mülahizələrini, ssenarilərini, ehtimallarını irəli sürməklə müxtəlif media orqanları öz çirkin xislətini biruzə verirlər. Lakin anlamalıdırlar ki, bu cür addımlarla, bu cür cılız yanaşmalarla Azərbaycan-İran münasibətlərinə zərbə vura bilməzlər.

 

Teqlər