Dek 04, 2024 13:05 Asia/Baku
  • İran terrorizmlə mübarizədə Suriya hökuməti və xalqını dəstəkləməkdə sabit qalacaq

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Tehranın Suriyadakı vəziyyətin gərginləşməsindən "dərin narahatlığını" ifadə edərək, bildirib: "İran İslam Respublikası terrorizmə qarşı ədalətli və qətiyyətli mübarizədə Suriya hökuməti və xalqını dəstəkləməkdə sabit qalacaq".

Əmir Səid İrəvani çərşənbə axşamı yerli vaxtla axşam saatlarında Təhlükəsizlik Şurasının Suriyadakı son hadisələrlə bağlı fövqəladə iclasında çıxışı zamanı deyib: "İran Suriyanın geniş dağıntılara, xaosa və iztirablara səbəb olan Heyəti Təhrir Əş-Şam kimi qruplaşmalarla mübarizə aparmaq və onları məhv etnək üçün suveren hüququnu tam tanıyır və dəstəkləyir". 

Yüksək səviyyəli iranlı diplomat qeyd edib ki, İran İslam Respublikası Suriyada vəziyyətin gərginləşməsindən dərin narahatlığını ifadə edir. Son hadisələr, xüsusilə də Əl-Qaidənin bir qolu olan və Cəbhətün-Nüsrə kimi də tanınan Heyəti Təhrir Əş-Şamın koordinasiyalı terror əməliyyatları Suriyanın suverenliyini və sabitliyini ciddi şəkildə təhdid edir.

İrəvani əlavə edib: "Heyəti Təhrir Əş-Şamın əməliyyatlarının miqyası və mürəkkəbliyi, o cümlədən qabaqcıl silahlar və pilotsuz təyyarələrdən istifadə, terroru siyasi məqsədlərə nail olmaq üçün xarici siyasətində alətə çevirən ABŞ başda olmaqla, məqsədyönlü xarici dəstəyi göstərir". 

İranın BMT-də səfiri və daimi nümayəndəsi vurğulayıb ki, bu münaqişənin qızışdırılmasında məsuliyyət daşıyan ölkələr öz hərəkətlərinə və Suriya xalqına qəbul etdirdikləri dağıdıcı nəticələrə görə cavab verməlidirlər.