Əraqçi bir daha İranın qanuni hüquqlarını vurğulayıb
İran xarici işlər naziri deyib: "Amerikalıların ziddiyyətli davranışları və bəyanatları İran xalqına qarşı sanksiyalar və təhdidlərin davam etməsi ilə yanaşı onların diplomatiya yolunun irəliləməsindəki ciddiliyinə inamsızlıq və şübhələri gücləndirib".
İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi, BMT-nin baş katibi Antonio Quterreş ilə telefon danışığı zamanı regional və beynəlxalq hadisələri müzakirə etməklə yanaşı, ona İran və ABŞ arasında dolayısı ilə aparılan danışıqlarda son gedişat və Omanın bu danışıqların növbəti raunduna hazırlıqları barədə məlumat verib.
Əraqçi İran İslam Respublikasının sülhməramlı nüvə proqramı ilə bağlı yaradılmış süni problemin həlli üçün diplomatik yol seçməkdə məsuliyyətli yanaşmasına toxunaraq, hesab edib ki, bu yolda irəliləmək qarşı tərəfdən ciddi iradə və realizm tələb edir və vurğulayıb: "İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin üzvü kimi üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq, İran xalqının nüvə enerjisindən dinc məqsədlər üçün faydalanmasında israrlıdır və bu da, zənginləşdirmə tələb edir".
İran xarici işlər naziri keçmişin acı təcrübələrinə və qarşı tərəfin öhdəliklərini yerinə yetirməməsinə toxunaraq, hesab edib ki, balanslaşdırılmış, ədalətli və davamlı anlaşmaya nail olmaq müvafiq tərəflərdən Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə zidd olan qeyri-qanuni məsələləri qaldırmaqdan çəkinməyi, habelə sanksiyaların effektiv şəkildə dayandırılması və İranın iqtisadi fayda əldə etməsi sahəsində öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı təminatların verilməsini tələb edir.
BMT-nin baş katibi də öz növbəsində İran xarici işlər nazirinin İran və ABŞ arasında dolayı danışıqları ilə bağlı inkişafları izah etməkdə yenilikçi yanaşmasını yüksək qiymətləndirib və nəticə əldə olunana qədər bu prosesin davam etdirilməsinin vacibliyini vurğulayıb.