Pərişanlıq və Quran həbləri
İyun 30, 2015 14:14 Asia/Baku
Psixoloji xəstəliklər, ruh düşkünlüyü ilə mübarizədə Quran göstərişlərinin xüsusi təsiri var.
1. Səbr və dözüm
Stress və pərişanlıqla əsas mübarizə yollarından biri səbr və dözümdür. İnsan səbr vasitəsi ilə çətinliklərə qalib gəlir. Hətta açıq düşmənlə meydanda savaşda möminlər səbrə dəvət olunur. Bəqərə, 153: “Ey iman gətirənlər! Səbr və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir (onların dostudur).”
Allahın rəsulu buyurur: “Çətinliklər qarşısında qurtuluşa ümid verən yeganə şey səbrdir.” (Mizanul-hikmə, c. 5, səh. 262)
Buna görə də Qurani-kərimdə 70 məqamda səbr yada salınır, səbrin əhəmiyyəti vurğulanır. Bəziləri yanlış olaraq elə düşünür ki, səbr etmək bədbəxtliyə boyun əyməkdir. Əslində isə Quran səbr deyəndə qələbəyə aparan möhkəmlik və sabitqədəmliyi nəzərdə tutur.
2. Salavat (namaz)
İbadətlər arasında namaz kimi ibadət yoxdur. Namaz Allah-Taala ilə ən üstün rabitə vasitəsidir. İnsanın fikri Allaha məşğul olanda çətinliklər yadından çıxır, qəlbi toxtaqlıq tapır. Buna görə də Quran möminləri namazdan kömək almağa çağırır. Yuxarıdakı Quran ayəsində bu tövsiyə ilə tanış olduq. Digər tərəfdən günah və pis əməllər insanda stress yaradır. Namaz günaha mane olmaqla stressi aradan qaldırır. Ənkəbut, 45: “(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın cəlalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!” Bu namazın təbiətidir. O ən böyük qüdrət sahibini yada salmaqla insanı günahdan çəkindirir. Qurandan xəstəliklərinizə şəfa istəyin. Çətinliklərə qələbə üçün Qurana sarılın. Quranda küfr, nifaq, azğınlıq kimi ağır xəstəliklərin dərmanı var. Quran vasitəsi ilə Allahın qapısına gedin, yardım alın.
3. Dua, raz-niyaz
Qurani-kərimdə oxuyuruq: “(Ya Rəsulum, bu Məkkə müşriklərinə) de: “Əgər duanız olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? Siz (Quranı və öz Peyğəmbərinizi) təkzib etdiniz. Buna görə də (nə dünyada, nə də axirətdə əzab) yaxanızdan əl çəkməyəcəkdir!” Ustad Həsənzadə Amuli buyurur: “Duasız qəlbin dəyəri yoxdur.” İnsanın diqqətini xəstəliklərlə mübarizəyə yönəldən ilk şey iki üsuldan bəhrələnməkdir. Bu üsullardan biri maddi, digəri mənəvidir. Hazırda dünyanın müxtəlif ölkələrində bu üsullardan istifadə olunur. Həmin üsullardan biri, maddi üsul təbiətdəki şəfabəxş maddələrdən istifadə etməkdir. Bitkilərlə müalicə buna əyani sübutdur. İkinci üsul, mənəvi üsul isə dua, raz-niyaz, təvəssül, Allahı çağırmaqdır.
4. Quran və onun bəhrəsi
Ayə və rəvayətlərə müraciət etdikdə aydın olur ki, ilahi ayələr psixi xəstələrə müsbət təsir edir. Quran hətta müasir tibbin imkanlarından xaric olan xəstəliklərə çarə qılır. Bəzən psixi baxımdan xəstə insanı Quran xəstə adlandırır. İlahi kitab özünü şəfa mənbəyi adlandırıb. Quranda şəfa deyiləndə qəlbin sağlamlığı nəzərdə tutulur. Küfr, şirk, nifaq, paxıllıq, tamah, kin-küdurət qəlbə aid xəstəliklərdir. Yunus, 57: “(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!” İsra, 82: “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır.” Fussilət, 44: “Əgər Biz onu özgə bir dildə olan Quran etsəydik (Məkkə müşrikləri): “Məgər onun ayələri (bizim üçün) müfəssəl izah olunmalı deyildimi?! Bu nədir? (Quran) özgə dildə, (Peyğəmbər isə) ərəbmidir?!” – deyərdilər. (Ya Rəsulum!) De: “O, iman gətirənlərə hidayətdir və (cəhalət xəstəliyinə tutulmuş ürəklərə) şəfadır. İman gətirməyənlərin isə qulaqlarında karlıq (ağırlıq) vardır. O, (Quran) onları kor etmişdir. Onlar (sanki) uzaq bir yerdən çağırılırlar. (Heç bir şey eşitməz, heç bir şey anlamazlar).” Həzrət Əlinin (ə) Quranın şəfası ilə bağlı buyuruqları çoxdur. Onlardan bəzilərini nəzərdən keçirək. Nəhcül-bəlağə, xütbə 176: “Qurandan xəstəliklərinizə şəfa istəyin. Çətinliklər üzərində qələbə üçün ondan kömək alın. Quran küfr, nifaq, azğınlıq və zəlalət kimi xəstəliklərin dərmanıdır. İstədiyinizi Quran vasitəsi ilə alın və Quranla dostluq edib Allaha üz tutun.”
Allaha təvəkkül deyəndə həm təlaş, həm də Allaha ümid nəzərdə tutulur. Allah insanın bütün ehtiyaclarından agahdır. Allah həm problemləri aradan qaldırmağa qadirdir, həm də rəhim və mehribandır. Maraqlıdır ki, bütün dərmanların zərərli təsirləri olduğu halda Quranla dərmanda heç bir mənfi təsir yoxdur. Hədisdə buyurulur ki, özü başqa bir xəstəliyə səbəb olmayan dərman yoxdur.”
Nəhcül-bəlağə, xütbə 198: “Quran heç bir başqa xəstəliyə səbəb olmayan dərmandır.” Quranda şəfa axtarmaq, Quran ayələrindən bəhrələnmək ilahi bir lütfdür.
5. Təqva
Qurani-kərim problemlərdən qurtuluş üçün təqvanı təsirli sayır. Yoxsulluq içində yaşayan insan təqvaya üz tutduqda təqva onun qəlbindəki iztirabı aradan qaldırır. Bu o demək deyil ki, təqvalı insan ruzi ardınca getməməlidir. Təlaşın öz səmərəsi var və təqva onu daha təsirli edir. Təlaq, 3: “Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir.” Bəli, ruzi ardınca gedən insan üçün çətinliklər var. Amma təqva bu çətinlikləri aradan qaldırır.
Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir ayə tanıyıram ki, bütün bəşəriyyət ona əl aparsa hamının müşküllərinin həlli üçün bəs edər.” Sonra həzrət “mən yəttəqillah” (Təlaq, 2) ayəsini oxudu. (Məcməul-bəyan, c. 1, səh. 306)
Qeyd etmək lazımdır ki, təqva psixi xəstələrə də müsbət təsir göstərir, onların durumunu yaxşılaşdırır.
6. Allaha təvəkkül
Təvəkkül deyəndə nəzərdə tutulur ki, insan həm çalışsın, həm də işlərini Allaha tapşırsın, problemlərin həllini Ondan istəsin. Allah insanın bütün çətinliklərindən xəbərdardır. O öz bəndəsinə qarşı rəhmli və mehribandır, çətinlikləri aradan qaldırmağa qadirdir.
Allahın rəsulu (s) merac gecəsi Allahdan soruşur ki, ən üstün əməl hansıdır? Allah-Taala buyurur: “Mənim üçün bəndəmin təvəkkülündən və qismətindən razı olmasından üstün bir şey yoxdur.” (Səfinətul-bihar, c. 2, səh. 682) Təbii ki, təvəkkül tənbəlliklə bir araya sığmaz, cihad və təlaşla yanaşı olduqda məqbul sayılar. Təlaq surəsinin 3-cü ayəsində bu nöqtəyə işarə edildi. Nəticə budur ki, psixi xəstəliklərin dərmanlarından biri də Allaha təvəkküldür. Dua və zikrlər, xüsusi ilə Yunisiyyə zikri, “ələm nəşrəh” surəsini 27 gün oxumaq, Allahın qüdrət və rəhmətini yada salmaqla Onu zikr etmək, İmam Zamana (ə.c) təvəssül xüsusi təsirə malikdir.
7. Tövbə və istiğfar
İnsan Allahın lütf və mərhəmətini, əfvini yaddan çıxarmamalıdır. Bütün günahlar bağışlana bilər. Allah günahları bağışlamaq üçün kiçik bir səbəb axtarır. Zumər, 54: “(Tövbə edib) Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz!” Bu səbəblərdən biri tövbə ola bilər. Allaha doğru dönün, Ona təslim olun, nə qədər ki, əzab qapınızı döyməyib, itaət edin. İnsan çox tövbə və istiğfar edərsə, bütün bağlı qapılar açılar, bəndə bütün pərişanlıqlardan qurtarar.
8. Övliyalara təvəssül
Peyğəmbər və onun vəsiləri kimi Allah övliyalarına təvəssül insan qəlbinə aramlıq verir. Təcrübədə sübuta yetib ki, insanın bir çox fiziki və ruhi problemləri təvəssül yolu ilə aradan qalxır. Ayə və rəvayətlərdə bu mövzuya kifayət qədər işarə edilib. Maidə, 35: “Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın. (Allah) Yolunda cihad edin ki, nicat tapasınız!”
Vasitə dedikdə yaxınlaşmaq nəzərdə tutulur. Yuxarıdakı ayədə də vəsilə sözünün mənası genişdir. İnsanı Allaha yaxınlaşdıran bütün işlər vəsilə sayılır. Ən böyük vasitə Allah və peyğəmbərə iman, Allah yolunda cihad, ibadət, Kəbənin ziyarəti, sileyi-rəhim, infaqdır. Peyğəmbərlərin, imamların, saleh bəndələrin şəfaəti vasitəçiliyi insanı Allaha yaxınlaşdıra bilər.
Qeyd etmək lazımdır ki, Quranın şəfalı təsirləri yalnız bu göstərişlərlə başa çatmır. Allahın sonsuz qüdrətinə diqqət, onun razılığına xatir qəzəbi udmaq, onlarla başqa səbəb insan üçün şəfabəxş ola bilər.
Haqqyolu