İyul 04, 2015 15:53 Asia/Baku
  • ƏLİ (ə) ZİRVƏSİNİ ANLAMAQ
    ƏLİ (ə) ZİRVƏSİNİ ANLAMAQ

Əmirəlmöminin (ə) bir hərtərəfli şəxsiyyət idi. Və onun yolunun yolçusu olmağa iddiası olan insan, gərək hərtərəfli şəxsiyyət olsun.

Həyatın hər bir səhnəsində şücaət, mərdlik, ağıl, dürüstlük nümunəsi olmağa can atsın Əli (ə) ardıcılı.     Bütün mənəvi fəzilətlərə, yüksəkliklərə sahib olan, həyatın bütün müsbətlik adına nə varsa, hamısının zirvəsinə yetişən bir kamil insan idi Həzrət Əli (ə). Bununla yanaşı, Həzrət Əli (ə)ən sadə yaşamağın, ən mötədil həyat tərzinin nümunəsini təqdim edir. Və Əli (ə) yolçuluğuna iddialı insan gərək bu mətləblərin fərqinə varsın, əhəmiyyətini dərk etsin...     Həzrət Əlinin (ə) mübarək varlığını tam dərk etmək – çox böyük bir məsələdir. Nəhəng tədqiqatlar aparılmış, böyük elmi araşdırmalar həyata keçirilmişdir, amma yenə də «Əli kimdir?» sualına dolğun cavab vermək, Əli (ə) zirvəsini axıradək anlamaq mümkünsüz olaraq qalır. Bizlərə o böyük insanın haqqında deyilənləri təkrarlıyıb, Allahın lütfü, inayəti ilə o gözəlliklərdən bir qədər bəhrə aparmaq – hərənin öz imkanı dərəcəsində – neməti müyəssər ola bilər…     Həzrət Əlinin (ə) varlıq aləmində yeri o qədər yüksəkdir ki, İslam Peyğəmbəri (s) bu əlaqədə buyurur: «Ey Əli! Səni heç kim tanımadı: Allahdan və məndən başqa».     Əmirəlmömininin (ə) yeri, vücudi dərəcəsi o qədər yüksəkdir ki, yalnız Yaradan və Rəbb olan Allah, və o Həzrətə (ə) tərbiyə verən Rəsuli-Əkrəm (s) onu tanıyır. Mümkünəl-vücud aləmindən, yaranmışlar dünyasından yalnız Həzrət Rəsulun (ə) özünün bəslədiyi, kamil insan olaraq yetişdirdiyi Əlini (ə) tanımaq imkanı var. Görürük ki, başqa bir yerdə Əziz İslam Peyğəmbəri (s) buyurur: «Ey Əli! Əgər sən olmasaydın, insanlar məndən sonra möminləri tanımazdılar».     Əmirəlmöminin (ə) bir şəxsiyyətdir ki, Peyğəmbərdən (s) sonra «mömin kimdir?» sualının canlı cavabıdır. Möminin necəliyini özündə təcəssüm etdirən bir insandır Həzrət Əli (ə). Dünya inkişaf etdikcə, dünya irəli getdikcə sanki durum ona yaxınlaşır ki, Əmirəlmöminin (ə) daha çox tanınsın. İnsanların anlayışlarının genişlənməsi ilə, insanların mövzulara, məsələlərə yalnız ağ-qara prizmasından deyil, geniş spektrdə baxmağa başlaması ilə Əli (ə) dühası daha çox anlanılmağa başlayır.   GÜNAHDAN QORUYAN VÜCUDİ PEYVƏND     Əli (ə) dühasını anlamaq prosesi bəşərin tərəqqisinə bağlı bir məsələdir. Fəlsəfəçilər inkişaf etdikcə, əqli düşüncənin zirvəsini tapacaq. Mənəviyyat üçün, əxlaq üçün susamış toplumun teşnələri ona yetişəcək ki, Əmirəlmömində (ə) ürfani vəcd yaradan nöqtələri tapacaq. Sadə insanlar da, hərə öz imkanına görə, öz tutumuna, durumuna görə Əmirəlmömininin (ə) qoyduğu mübarək irsdən nələrisə götürəcək.     İslam Peyğəmbərinin (s) Əliyə (ə) məhəbbətlə bağlı bir buyuruşu var. Həmin o mübarək buyuruşda deyilir: «Əliyə (ə) olan məhəbbət bir həsənədir (bir gözəl əməldir) ki, onun varlığı ilə heç bir günahın insana zərəri yetişməz».     İslam mütəfəkkirləri bu mübarək buyuruşa gözəl izah verirlər. Bildirilir ki, Həzrət Əliyə (ə) olan məhəbbətlə sanki insanı günahlardan qorumağa yardım edən bir immun vaksinidir, bir qoruyucu peyvənddir. Necə ki, insanlar bu və ya digər xəstəliklərdən qorunmaq üçün, orqanizmin müxtəlif mərəzlərdən müdafiəsi üçün bir peyvəndlər, vaksinlər vurdururlar, eləcə də dinimizin nəzərində Əliyə (ə) məhəbbət o cür vücudi «peyvənd»dir. Əgər bu «peyvənd» insanın varlığına «vurulsa», əgər həqiqi mənada, sözün əsl mənasında insan vücudu bu «peyvənd»lə möhkəmləndirilsə, həyatın hər bir şəraitində o insan çox gözəl bir müdafiə olunmuş halda olar.     Burada insanın gerçək mənada Əmirəlmömininə (ə) sevgisindən söhbət gedir. Elə olur ki, insanlar saatlarla Peyğəmbər (s) məhəbbətindən, Əli (ə) eşqindən, Hüseyn (ə) eşqindən danışa bilərlər, amma həqiqətdə sevginin nə olduğunu bilməyərlər. Amma həqiqi mənada, səmimi mənada insanın qəlbində Əmirəlmömininə (ə) sevgi olarsa, bu məhəbbətin elə bir istedadı, elə bir potensialı var ki, insanın varlığında xüsusi bir halət yaradır. Bu halət, bu durum elə bir effekt verər ki, günahlar insanın qəlbini ələ ala bilməz. Günahlar insanı buxovlaya bilməz. Günahlar insanın qəlbini mərəzləyə bilməz.   KAMALLA HƏMAHƏNGLİK     Sanki Əliyə (ə) sevgi, Əliyə (ə) məhəbbət elə bir duruma səbəb olar ki, Əlinin (ə) varlığında olan gözəlliklərlə, fəzilətlərlə insanın qəlbində bir həmahənglik bərqərar olar. Əlinin (ə) sevdiyi şeyləri sevər, Əlinin (ə) ikrah etdiyi pisliklərdən, mənfiliklərdən çəkinər Əli (ə) aşiqi. Yetimə, zəifə himayəlik edər, kasıba həyan olar, zalıma qənim olar Əli (ə) aşiqi. Haqqı deməkdən çəkinməz, zülmə tərəfdar olmaz, məzlumu tənha qoymaz Əli (ə) aşiqi. Əliyə (ə) sevgi ilə qəlbini dolduran insanın vücudunda pisliklərə, günahlara yer qalmaz. Əli (ə) eşqilə dolu olan qəlbdə günaha meyl belə olmaz. Əlini (ə) sevən üçün günah öz həqiqi simasında – eybəcər və iyrənc bir mahiyyətlə bəlli olar. Günahı necə sevə bilər günahın həqiqətinə bələd olan, onun gətirdiyi zəlalətləri anlayan insan? Necə günahı iradəvi olaraq qəbul edə bilər o kəs ki, günahsızlıq təcəssümü ilə həmahəng döyünməsini istər qəlbinin? Necə günahı yaxın buraxa bilər o insan ki, günahsızlıq zirvəsinin eşqinə qərq edib könlünü? Necə günaha tərəf baxa bilər o insan ki, gözləri Əli (ə) eşqinin riqqəti ilə yaşarır?     Əliyə (ə) məhəbbət fəzilətə səbəb olan kimi, Əli (ə) ilə ədavət də zəlalət gətirər. Peyğəmbərimizin (s) dilindən çox vurğulanıb ki, Həzrət Əli (ə) ilə ədavəti, düşmənçiliyi olanın vücudi baxımdan, zati baxımdan çox böyük nöqsanları mövcud olur. Əlini (ə) sevməyənin vücudi baxımdan böyük yetərsizliyi, kəsiri olur. Haqqla, ədalətlə, Allah yolu ilə müxalif olar Əli (ə) düşməni. Uca Yaradan hər bir bəndəni belə həlakətli durumdan saxlasın!

Teqlər