Məhəmməd Fizuli qələmində Kərbəla qiyamı
Kərbəla vaqiəsi Füzulinin yaralı qəlbinin, incik ruhunun və dünyagörüşünün bədii-poetik ifadəsidir.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin həyat və yaradıcılığı çoxcəhətli və zəngindir. Təkcə ana dilində deyil, ərəb və fars dillərində də ölməz əsərlərin müəllifi kimi tanınan M.Füzuli klassik poeziyanın bütün forma və janrlarından bəhrələnmişdir. Füzulinin həcmcə ən böyük əsəri olan "Hədiqətüs-süəda" ("Xoşbəxtlər bağçası") əsəri tarixi zərurətdən yazılmışdır. Müqəddəs Kərbəla şəhərində dünyaya gələn şair elə orada boya-başa çatmış və dini icmalara yaxın olmuşdur. Böyük ustad bir qitəsində Kərbəlanı öz şeirinin məskəni adlandırır və yazırdı:
Ey Füzuli, məskənim çün Kərbəladır, şeirimin, Hörməti hər yerdə vardır, xalq onun müştağıdır. Nə qızıldır, nə gümüş, nə ləlü nə mirvaridir, Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır.
Məhəmməd Füzuli bir qayda olaraq şeirlərində ən çox Kərbəlanın adını çəkir və bildirir ki, bu müqəddəs şəhər müsəlmanların ziyarətgah yeridir, hər yerdə hörməti var, xalqın ən sevimli və müqəddəs şəhəridir. Füzulinin əsərlərindən də göründüyü kimi çox bilikli və etiqadlı şəxs olub. Bu səbəbdən də şairə öz sağlığında Mövlanə (bizim ağa) adı verilmişdir. Şərqdə hörmət əlaməti olaraq sayılan və seçilən İslam şairləri və alimlərinə verilən bu adın Füzuliyə də verilməsi təsadüfi deyildir. Ustad şair bir müddət Nəcəfdə, Kərbəlada, "Ətabati-aliyat" adlı imamların ziyarətgah yerlərində xidmət etmiş və "ali rəsulun qapısına" layiq görülmüşdür.
Ruzi yeyənik ali Rəsulun qapısında, Bir ömürdür, olmuş bizə ruzi müqərrər. Bu ruzi yolu bizlərə bağlanmamış əsla, Layiq bizik aləmdə belə ruziyə yeksər.
M.Füzuli İslama qəlbən iman gətirmiş, bu dinə sonsuz ehtiram və rəğbət bəsləmişdir. Dinin əsası və bünövrəsi sayılan Qurani-Kərimin ayələrindən və Peyğəmbərin, məsum imamların hədislərindən bəhrələnən şair öz əsərlərinin nurunu bu müqəddəs kəlamlardan almışdır. Şair heç bir əsərində dini tənqid hədəfi seçmir, əksinə, Allahı ilkin varlıq bilir və irili-xırdalı bütün epik əsərlərini Uca Yaradanın adı ilə başlayır. Şair öz əsərlərində yeri, göyü, ərşi-kürsü, canlı və cansızları yaradan Tanrıya öz alqışını, dua-sənasını çatdırır. Bütün bunlarla yanaşı, cəhaləti, nadanlığı, etiqad səbatsızlığını pisləyir və ruhani bir zövq ilə yaşamağı, mənəvi paklığa çatmağı tövsiyə edir.
Qəd ənarəl eşq lil üşşaqi min hacəl hüda, Saliki-rahi-həqiqət eşqə eylər iqtida. Ey Füzuli, intəhasız zövq buldun eşqdən, Böylədir hər iş ki, həqq adıyla qılsan iqtida
Füzulinin "Hədiqətüs-süəda" əsəri onun dini-fəlsəfi duyğu və düşüncələrinin bəhrəsidir. Belə bir əsər yaratmağı özünə borc bilən şair yazır: "Bütün çağlarda məclis və yığıncaqlarda Kərbəla vaqiəsi və şəhidlərin müsibəti ərəbin şərəfli adamları və əcəmin böyükləri tərəfindən söylənilir. Ancaq aləmin tərkibi və bəşəriyyətin böyük bir hissəsi olan türklər kitab səhifələrinin artıq sətirləri kimi məclislər səfindən kənarda həqiqətlərin idrakından faydalanmaqdan məhrum qalırdılar. Bu səbəbdən matəm macərası işarə ilə mən zəlilə hücum etdi və əliylə yaxamdan tutaraq dedi: "Ey Kərbəla şahının nemətinin süfrəsində böyüyən vurğun Füzuli. Nola ki, yeni tərzdə yaradan olasan və comərdlik tutub türkcə bir məqtəl yaradasan ki, fəsihlər (gözəl danışanlar) türk dilində dinləyərək fayda tapalar və məzmunu anlayaraq ərəb və əcəm dillərinə möhtac olmayalar". Bu mövzunu qələmə almağı şərəfli iş, müqəddəs vəzifə sayan M.Füzuli eyni zamanda doğma dildə yeni bir əsər yazmağın çətinliklərindən bəhs açır. Türk dilində bədii əsər yaratmağı, xüsusiylə nəsr əsəri yazmağı hünər iş sayır. Füzuliyə görə, türk dilində nəsrlə fikir söyləmək xüsusi istedad və bacarıq tələb edir. Lakin bütün bu çətinliklərə baxmayaraq Füzuli böyük bir ilham və cəsarətlə yeni əsər yaratmağa başlayır və bu yolda uğur qazanacağına inanırdı: "Bu həqir və fəqir ki, nəsihəti eşitdi və bu xidmətin məhz (saf) səadət olmağını gerçək bildim, bacarığın yoxluğu və maddi çətinliklərdən qorxmadan tərtibinə rəğbət qıldım. Əgərçi türk ibarələrdə vaqiənin söylənməsi çətindir, çünki əksər sözləri və ibarələri ağırdır, amma ümidim var ki, övliya ümməti sayəsində mən bu işin öhdəsindən uğurla gələm". M.Füzuli ərəb və fars dillərində gözəl, aydın, yazmaq vərdişinin öz doğma dili olan türk dilində də bir ənənəyə çevrilməsini arzulayırdı.
Ey feyzrəsani-ərəbi türkü əcəm, Qıldın ərəbi əfsəhi-əhli-aləm, Etdin füsəhayi-əcəmi İsadəm, Bən türkzəbandan iltifat eyləmə kəm.
(Ey ərəb, türk və əcəmə fayda verən, ərəbi aləm əhlinin aydın danışanı qıldın, əcəm (fars) fəsihlərini İsa nəfəsli etdin. Mən türkdillidən öz köməyini əsirgəmə)
"Hədiqətüs-süəda" əsərini şairin nə vaxt qələmə aldığı məlum deyil. Bu əsərdə cərəyan edən hadisələri insan qəlb süzgəcindən keçirdikdə, sanki bir anlıq da olsa öz dərdini unudur və təskinlik tapır. Kərbəla hadisəsi dərd əlindən ürəyi çatlayan insanı ovundurur, ona mənəvi qida verirdi. Çünki Kərbəla hadisəsi nə qədər dini hadisə olsa da, onun məntiqi mənası və ruhu yenidir. Burda əksini tapan şəhidlik eşqi, məslək və etiqad uğrunda mübarizə üslubu həmişə yenidir, heç zaman köhnəlmir. İnsanın mənəvi və cismani köləliyə üsyanı, etirazı bu yolda hətta öz həyatını qurban verməsi, şəhid olması ən yüksək və şərəfli insanlıq amili kimi göstərilir. Bu əqidə və məslək döyüşü ona görə həmişə yaşayır ki, əsasında mənəvi paklıq, ruhi müqəddəslik, insani gözəllik və əzəmət vardır. Füzuliyə "Hədiqətüs-süədanı" yaratmaqda Kərbəla mühiti də az təsir göstərməmişdir. Bu mühit Füzuli kimi bir dühanın qələmindən çıxan yeni bir türk əsərini çoxdan gözləyirdi. Həmin mənəvi ehtiyacı nəzərə alan şair qədim dini dastanı öz yaradıcılıq süzgəcindən keçirərək onun dolğun, təravətli, bədii örnəyini yaradır, əski etiqad və iman mübarizəsini parlaq boyalarla bəzəyərək özünəməxsus bir şəkildə canlandırır. Kərbəla vaqiəsi Füzulinin yaralı qəlbinin, incik ruhunun və dünyagörüşünün bədii-poetik ifadəsidir. Heç bir əsərini yaradanda şair belə həyəcan keçirməmişdi. Bu müqəddəs və şərəfli mövzuda ləyaqətli sənət əsəri yazmaq üçün isə şair Tanrıya üz tutur, ondan kömək, imdad diləyir. Ən çox qorxduğu, çəkindiyi paxıl adamlar, həsəd sahibləridir: "İlahi, Səndən başqa yardımçım yoxdur, ətrafımda isə paxıl və həsəd aparanlarım çoxdur. Ləyaqət və mərhəmətli kamalından çəkinməm budur ki, bu yeni binanın təmirində və əbədi mülkün yaradılmasında sözlər və mənalardan bütün ehtiyacı olanlarımı toplayasan və həsəd əhli, inadkar adamlar hücum etdikcə mənə yardım edəsən. Sən əlbəttə ki, hər şeyə qadirsən!" Kərbəla faciəsini yenidən canlandıran, Şərq ədəbiyyatında ona ölməz bir abidə ucaldan Füzuli kimi ikinci bir şairi təsəvvür etmək çətindir. Məşhur ədəbiyyatşünas F.Köçərli demişdir: "Füzulinin "Hədiqətüs-süəda"sı kamil bir sənət nümunəsidir. O, xüsusilə bu əsərin dil-üslub gözəlliyinə, şairin ləhcəsinə diqqət yetirmiş və onun barəsində öz fikrini belə ifadə etmişdir. "Əgərçi "Hədiqətüs-süəda" nəsr ilə təhrir olunubdur və bəzi məqamlarda münasibihal müvafiqi - məqal gözəl şeirlər vasitəsiylə şərhi-məna qılınıbdır və lakin bu nəsrdə Füzuli o qədər məlahət və fəsahət göstərmiş və əhvali-keyfiyyəti-şühədanı elə bir gözəl və şirin dil ilə yazmış ki, əhli-zövq və ərbabi-mərifət indidə onun dərəcə və mənziləti çox nəzmlərdən artıqdır. Bu vaxta kimi füsəhayi-türk və əcəmdən bir kəs belə bu xoş ibarələri və şirin ləhcəli və gözəl şivəli əsər vücuda gətirməyib". F.Köçərli "Hədiqətüs-süəda" əsərini türk və fars bədii nəsr tarixində yüksək bədii dildə yazılmış əvəzsiz bir nəsr əsəri saymış və onu şəhidlik abidəsi kimi qiymətləndirmişdir. M.Füzulinin "Hədiqətüs-süəda" əsəri məzhəb və təriqət məhdudiyyəti bilmədən müqəddəs, dəyərli bir sənət nümunəsi kimi sevilmiş, oxunmuş və hər bir toplantı və məclislərin bəzəyinə çevrilmişdir. Mənbələrin verdiyi məlumata görə, hələ orta əsrlərdə Məhərrəm ayında qurulan matəm məclislərində türklər Füzulinin "Hədiqətüs-süəda"sını oxuyaraq yas qurur, təziyə saxlayırdılar. Füzuli sözü, Füzuli şeiri belə qəmli, ələmli günlərdə onların ürəyinin məlhəmi, dəvası idi. Qəm, kədər abidəsi kimi xalqın dininin əzbəri olan "Hədiqətüs-süəda" əsərindən parçalar göstərilməsi, şəbih çıxarılması bu dediklərimizi təsdiq edir. Doktor Ş.Güngörün fikrincə, "Hədiqətüs-süəda" yazıldığı gündən zamanımıza qədər ən çox müraciət olunan bir əsərdir. İnsanlar bu əsəri oxuyarkən öz dərdini, şəxsi fəlakətini unudub, tarixdə baş verən hadisələri qəlb süzgəcindən keçirirlər. Füzuli kimi bənzərsiz bir dühanın qələmindən çıxan bu əsər həm sünnü, həm də şiə müsəlmanları tərəfindən coşğun bir sevgiylə, hörmətlə qarşılanmış, hətta bəzi şəxslər tərəfindən əzbərlənmişdir. Ş.Güngör deyib: "Gərək milli, şəxsi fəlakət anında insanlar Ənbiyanın və Əhli-beytin çəkdikləri bəlaları dinləyib öz dərdlərini unutsunlar". Kərbəla vaqiəsini şifahi və yazılı qaynaqlardan eşidib dinləyən, hər il dini ayinlərdə təzələyib xatırlayan, bu müsibəti yenidən yaşayan, onu öz faciəsi kimi qəbul edən insanlar üçün bu bəla ən böyük faciədir. Həqiqətdə Kərbəla faciəsi tarixdə necə olmuşdur? Bu hadisənin baş vermə səbəbi, tarixi mahiyyəti nədən ibarətdir? M.Füzuli "Hədiqətüs-süəda" əsərində bu hadisənin baş vermə səbəbinin kökünü açıqlayır, müdriklik və cəhalətin döyüşündə birinciyə öz inam və ehtiramını bildirir. İmam Hüseyn ilə onun silahdaşlarının vuruşunu haqqın, ədalətin, insanlığın vuruşu və özünütəsdiqi kimi mənalandırır. Bir anlıq Peyğəmbərdən sonra tarixdə baş verən hadisələrə qısaca nəzər salaq. Allah-Təala Həzrət Mühəmmədə (s) Həcdən qayıdan zaman Qədir-xum adlanan yerdə dayanmasını göstəriş verir. Cəbrail (ə) nazil olub "Maidə" surəsinin 67-ci ayəsini çatdırır. 120 min nəfər Hacının gözü qarşısında Peyğəmbər ayəni camaata oxuyur və xütbə söyləyir. Xütbə tamam olduqdan sonra Peyğəmbər (s) Əlinin (ə) əlindən tutub yuxarı qaldıraraq buyurur: "Mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir". Sonra "Maidə" surəsinin 3-cü ayəsi nazil olur. Peyğəmbərə dinin kamilləşməsi xəbəri çatdırılır. Peyğəmbər Allah Təalaya şükr edəndən sonra camaata əmr edir ki, Həzrət Əliyə beyət etsinlər. İlk olaraq Əlini (ə) əlini Əbu Bəkr və Ömər ibn Xəttab öpür və təbrik deyirlər: "Eşq olsun sənə, ey Əbu Talibin oğlu! Bu gündən bizim və digər mömin kişi və qadınların rəhbəri oldun" (Müsnəd ibn Hənbəl, c.6, səh.401, hədis 18506). Füzuli yadigarı, insanların qəlbində özünə əbədi yer tutan Əhli-beyt aşiqi S.Ə.Şirvani "Qədir-Xum" hadisəsi ilə əlaqədar yazdığı qəsidənin bir bəndini bu iki şəxsin təbrikinə həsr edib yazır:
Tutdu bir xeymədə bəs Heydəri-Kərrari qərar, Təhniyyət etdilər ol şirdilə kürdü-kibar. İbn Xəttab xitab eylədi, ey şirşikar "Bəxxun-bəxxun, ləkə mövla", səni qıldı cəbbar, Oldun ey sərvəri din, aləmə sərdar bu gün!
Peyğəmbərin ölümündən sonra "Qədir-Xum" unuduldu. Osmandan sonra xalqın bir qismi Həzrət Əlini (ə) xəlifə seçmək uğrunda gecə-gündüz fəaliyyətə başlayır. Nəticədə Əli (ə) xəlifəliyi qəbul edir. O, valiləri dəyişdirib yeniləri ilə əvəz etdiyi zaman Suriya valisi Müaviyə bin Əbu Süfyan mövqeyini itirməmək üçün Əlini tanımır və öz qayınatası Osmanın intiqamını Əlidən almaq istəyir. Nəhayət, Əli (ə) ilə Müaviyənin qoşunu arasında Süffeyn müharibəsi başlayır. 18 ay davam edən bu müharibədə Əli (ə) qalib gəlir. Müaviyə Əlinin (ə) qalib gəldiyini görüb Quranın səhifələrini qılıncın ucuna taxdırır və imanı zəif müsəlmanlar Əlidən (ə) müharibəni dərhal dayandırmağı tələb edirlər. Əli (ə) onlarla vuruşaraq çoxunu qılıncdan keçirir, ancaq özü də 661-ci il Ramazan aynının 19-da İbn Mülcəm adlı bir xain tərəfindən şəhadətə yetişir (656-661). Həzrət Əlinin (ə) şəhadətindən sonra böyük oğlu İmam Həsən (ə) İraqda xəlifə seçildi. Lakin Şam və Misir əyalətləri Müaviyəyə etiqad göstərirdilər. Müaviyə böyük bir ordu ilə Kufəyə yürüşə başladı. İmam Həsən (ə) xilafətdən uzaqlaşdırıldı və 669-cu ildə arvadı Cudə tərəfindən zəhərlənərək şəhadətə çatdı. Müaviyənin yaratdığı Əməvi dövlətindən xalq narazı idi. Ancaq Müaviyə birlik yarada bildi və camaatdan oğlu Yezidə beyət aldı. Şamlılar və iranlılar, habelə İmam Hüseyn (ə) ilə yanaşı Hicaz əhli də Yezidin vəliəhd qəbul edilməsinə etiraz etdilər. 680-cı ildə Müaviyə öldü və oğlu Yezid xəlifə oldu. İmam Hüseyn (ə) Yezidin xəlifəliyinə qarşı çıxdı. Bu zaman Kufə əhli İmam Hüseynə məktub yazıb, onu özlərinə rəhbər seçmək istədiklərini bildirdilər. İmam Hüseyn (ə) öz yaxın qohumu Müslim bin Əqili Kufəyə göndərdi. Bu vaxt Yezid xəbəri eşidib Bəsrə valisi Übeydulla bin Ziyadı Kufəyə vali təyin etdi. İbn Ziyad Müslimi tutdurub qətlə yetirdi. İmam Hüseyn (ə) yolda ikən Kufə əhlinin ondan üz döndərdiyini eşitdi. Kufəyə getməkdən əl çəkib Kərbəla səhrasına üz tutdu. Məhərrəm ayının 2-də Kərbəlaya çatdı. İbn Ziyad Ömər bin Sədi dörd min nəfərlə birlikdə Kərbəlayə göndərdi. Məhərrəm ayının 10-u Kərbəla döyüş meydanına çevrildi. İmam Hüseyn (ə) və onun 72 sadiq səhabəsi qızmar günəş altında susuzluqdan əzab çəkə-çəkə, lakin qəhrəmanlıqla döyüşərək şəhadət zirvəsinə yetişdilər. İmam Hüseyn (ə) Şümrin əsgərləri ilə vuruşaraq yaralanıb atdan düşür və Sinan bin Ənəs adlı biri onun başını kəsir (681-ci il 10 Məhərrəm). Qısaca bəhs açdığımız bu tarixi hadisələr zamanı keçdikcə müsəlman dünyasında geniş yayılaraq böyük əks-səda doğurdu. Müsəlmanlar bu hadisəni öz faciəsi kimi qəbul edib hər il ehtiramla xatırlayırlar. İmam Hüseynin (ə) öz əqidə və imanı uğrunda böyük şücaət göstərib həlak olması qəhrəmanlıq və fədakarlıq rəmzinə çevrilir. Hədisdə buyurulur: "Əgər bir kimsə Hüseynin şəhid edildiyi gün, yəni Aşura günü ağlarsa, Qiyamət günü Peyğəmbərin yaxınları ilə birlikdə olacaqdır".
Əhli-beytin sənavü-mərsiyəsi, Əhsəni-əfzəli-fəzayildir. Kim ki, bir beyt ol xüsusda deyər Ol dəxi əhli-beytə daxildir.
Bu səbəbdən İmam Hüseynə (ə) matəm saxlamaq, məqtəl və mərsiyələr yazmaq səvab sayılmışdır. Füzulinin özü də bu münasibətlə belə yazırdı: "Hər kim Hüseyn üçün ağlaya, ya bir kimsəni ağlada, vacib ola ona düxül-cənnət".
Şah İsmayılın zamanında şiəlik hakim məzhəb kimi qəbul edildi və bundan sonra Azərbaycan və İranda matəm mərasimlərinin keçirilməsi ənənəyə çevrildi. Bu məraismlərdə də ən çox "Hədiqətüs-süəda" əsəri oxunur və təhlil olunurdu. Məhəmməd Füzulinin dərin inamı, etiqadı, ruhani zövqü, həyatı, dünyaya, insana münasibəti, eşq və gözəllik idealı "Hədiqətüs-süəda" əsərində parlaq poetik ifadəsini tapmışdır. Şair zülmü, şəri ifşa edir, cahilliyi, nadanlığı, etiqadsızlığı pisləyir, din və məslək yolunda fədakarlıq göstərməyi müqəddəs bir vəzifə sayır. M.Füzuli "Hədiqətüs-süəda" əsərində şəhidliyi, intiqam almağı, dünyadan kam almaq üçün "nəqdi-can" sərf etməyi, düşmən qarşısında acizlik göstərməyib çarpışıb vuruşmağı insanın ləyaqət və şərəfi işi kimi yüksək tutur.
Zillət ilə ləzzəti olmaz həyatın, dostlar, Nəqdi-can sərf eyləyib dünyada kam almaq gərək. Əcz ilə dönmək ədudən səhldir, himmət tutub, Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək.
Əsərdə Füzulinin gətirdiyi şeir nümunələri mövzuca rəngarəngdir.
Aqil oldur ki, etdigi əməlin, Fikr edən ibtidadə əncamın. Ol degil kim, təəmmül eyləməyib, Keçirə qəflət ilə əyyamın.
Şair bu qitəsində qəflətdə gün keçirən, etdiyi əməlin əvvəlcədən düşünməyən cahillərin hərəkətlərini ağılsızlıq sayır.
Mərdanə gərək bəlada aşiq, Üşşaqə cəza degil müvafiq. Bisəbr degil murada qabil, Səbr ilə olur murad hasil.
Şair böyük ustalıqla söylədiyi bu qitəsində insanlara bəlanı da mərdanəliklə qarşılamağı, səbir etməyi, dözümlü olmağı, murada çatmağın yolu kimi təqdir edir. Ustad şair bu əsərində 541 şeir nümunəsi vermişdir ki, onlardan 16 şeiri ərəbcə, 525 şeiri isə türkcə yazmışdır. "Hədiqətüs-süəda" əsəri kor-koranə etiqad və ruhi iztirabları təbliğ və təşviq edən bir əsər deyildir. Şair İslamın, Peyğəmbərin və imamətin işıqlı və nəcib cəhətlərinə tərəfdar çıxır, xeyirxah, insanpərvər dinin əxlaqi-mənəvi paklığa, ruhi-batini yetkinliyə səsləyən inamlarını dönmədən tərifləyir. Bu əsərdə şəhidlik əhvali-ruhiyyəsi, düşüncə və inamı yeni bir məna daşıyır. Şair göstərir ki, şəhidlik insanın sağlam düşüncəsi, saf etiqadı, əməlpərvərliyi, məsləkdaşlığı, mənəvi-ruhi kamilliyi deməkdir. Başqa sözlə, şəhidlik cismani ölüm və mənəvi dirilik yoludur. Şəhidliyi bacarmaq, ona könül vermək qabiliyyəti ancaq ağıl-fikir qəhrəmanlarına məxsus bir keyfiyyətdir. Allah-Təala şəhidlik barədə «Bəqərə» surəsinin 154-cü ayəsində buyurur: "Allah yolunda öldürülmüşlərə (şəhid olanlara) "ölülər" deməyin, əksinə, onlar diridirlər. Lakin siz bunu dərk etmirsiniz". "Ali-imran" surəsinin 169-cu ayəsində buyurulur: "Allah yolunda öldürülənləri ölü hesab etmə! Əksinə, onlar diridirlər və Rəbbləri yanında onlara ruzi verilir". Rəsuli-Əkrəm (s) buyurub: "Behiştə birinci şəhidlər daxil olarlar. Şəhid şam kimi özü yanıb aradan gedər və ətrafına işıq saçar". Digər hədisdə Peyğəmbər (s) buyurur: "Şəhid ürək kimidir, bədənin quru damarlarına qan verir və o da qanını İslama hədər etməklə cəmiyyətə dirilik və həyat bəxş edir". Bir nəfər Peyğəmbərdən (s) soruşdu: "Ya Rəsulullah (s), qəbirdə nə üçün şəhidləri sorğu-sual etməzlər?" Peyğəmbər buyurdu: "Şəhidin qılıncı onu sual etməkdən qoruyur. Şəhidin təkcə ruhu yox, qanlı bədəni də Allah yanında müqəddəs və pakdır". İmam Cəfər Sadiq (ə) buyurub: "Hər kəs ki, Allah yolunda və ya dinin müdafiəsi uğrunda şəhid olsa, ona qüsl verməzlər. Meyit namazı qılıb dəfn edərlər. Şəhidin bədəni torpaq altda da çürüməz". Peyğəmbər (s) buyurub: "Hər yaxşının ən yaxşısı, hər əlanın ən əlası var. Şəhidlikdən isə əla mərtəbə yoxdur". Quran ayələrindən və hədislərdən də aydın oldu ki, şəhidlik müqəddəs bir nemətdir ki, Allah-Təala onu xalis insanlara, aşiqlərə nəsib edir. Şair Ələmdar Mahir "İmam Hüseynə (ə)" həsr etdiyi müxəmməsinin bir bəndində yazır.
Haqq aşiqinin dövlət ilə ülfəti olmaz, Aşiq uya dünyaya onun şöhrəti olmaz. Aşiqlərin imanı olar, sərvəti olmaz, Dünyaya və dünya malına rəğbəti olmaz, Ölsə bu səbəbdən qəbul etməz kəfən aşiq.