Rusiya-Türkiyə yaxınlaşması Dağlıq Qarabağ üçün yeni həll üfüqləri açırmı?
Rusiya-Türkiyə yaxınlaşması Dağlıq Qarabağ üçün yeni həll üfüqləri açırmı?
Son vaxtlar Rusiya-Türkiyə münasibətlərində ciddi aktivliyin olması bir çox mövzulara yeni yanaşmanın yaranmasına təkan verib. Bu mövzulardan biri də təbii ki, Dağlıq Qarabağ mövzusudur. Belə ki, Azərbaycanın hər iki ölkə ilə isti münasibətlərinin olmasını nəzərə alan ekspertlər bu istiqamətdə də ciddi dəyişikliklərin olacağını istisna etmirlər. Hətta bəzi ekspertlər Dağlıq Qarabağ mövzusunun Ruisya-Türkiyə münasibətlərində gündəm mövzu olduğunu qeyd edirlər.
Politoloq Fikrət Sadıqov bu xüsusda deyir: Rusiya və Türkiyənin bir çox ortaq maraqları və ortaq gündəm mövzuları var: “Rusiya və Türkiyə yaxınlaşması həqiqətən gercəkləşən bir amilə çevrilib və münasibətlər sürətlə bərpa olunur. Bu özü-özlüyündə regionda müəyyən sabitliyə aparan bir yoldur. Əgər bu iki ölkə arasında gərginlik davam etsəydi, gərginlik daha sərt fazaya keçə bilərdi. Amma bu münasibətlərin yaxınlaşmasının istiqamətləri doğrudan da çoxşaxəli və müxtəlifdir. Bu iki ölkənin ortaq maraqlarına daxil olan Suriya mövzusu, qaz nəqli mövzusu var. Eyni zamanda turizm sahəsində də bu iki ölkənin münasibətləri kifayət qədər inkişaf etməkdədir. Bütün bu proseslərlə yanaşı onu da qeyd etməliyik ki, bu iki ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllində rolu çox böyükdür. Türkiyə bizim müttəfiqimizdir və Rusiya bizim starteji əhəmiyyətə malik qonşumuzdur. Bunların arasındakı gərginlik təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə çox mənfi təsir edə bilər. İndi bu iki ölkənin yaxınlaşması o demək deyil ki, yaxın gələcəkdə Rusiya və Türkiyə birləşərək Dağlıq Qarabağ münaqişəsini həll edəcəklər. Amma hər halda iki ölkənin yaxın olması və bir-birini anlaması Dağlıq Qarabağ məsələsinin həllindən də təsirsiz ötüşə bilməz. Bu iki ölkənin regionda aparıcı rola malik olduğunu inkar edə bilmərik.
Amma düşünürəm ki, ilk növbədə Azərbaycan müəyyən bir aktivlik nümayiş etdirməlidir. Daha sonra isə Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşması bu mövzunun həllinə bir təkan verə bilər. Nəzər alaq ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olması və Rusiya ilə bizim starteji əməkdaşlıq səviyyəsində münasibətlərimizin olması əlbəttəki müəyyən müsbət nəticələrə gətirib çıxarda bilər”.
/Dəyərlər/