Okt 10, 2016 12:04 Asia/Baku
  • Azərbaycan və Rusiya birgə müəssisə yaradıb

Azərbaycan və Rusiya birgə müəssisə yaradıb

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və Rusiyanın "Rusaqrotrans" şirkəti "Azrustrans" birgə müəssisəsi yaradıb. "Report"un "Vedomosti.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə "Rusaqrotrans"ın Direktorlar Şurasının üzvü Oleq Roqaçyov və "Azrustrans"ın baş direktoru Cavid Quliyev məlumat veriblər.

 

ADY-nin nümayəndəsi təsdiq edib ki, şirkətin "Rusaqrotrans"la taxılın dəmir yolu ilə daşınmasına dair layihəsi var və o, bu gün geniş ictimaiyyətə təqdim olunacaq.

 

Qeyd edək ki, "Azrustrans" Bakıda sentyabrın 6-da qeydiyyatdan keçib. ADY şirkətdə 51%, "Rusaqrotrans" isə 49% iştirak payına malikdir.

 

Belə ki, "Azrustrans" hər iki tərəfdən taxıl daşıyan vaqonlar icarəyə götürəcək, daha sonra isə onun özünə məxsus parkı olacaq. O.Roqaçyov bildirib ki, 2 500-3 000 taxıl daşıyan vaqon tələb olunur. Öz növbəsində C.Quliyev isə "Azrustran"ın regionda ən iri ixtisaslaşmış vaqon parkının olacağını bildirib.

 

Qeyd edək ki, birgə müəssisə taxılın tranzit daşımalarını da həyata keçirməyi planlaşdırır. "Azrustrans" İran və Türkiyəyə tranzit daşımaları həyata keçirməyi də nəzərdə tutur. Bu istiqamətdə türk dəyirman müəssisələrinin 20-30%-i cəmləşib. "Azrustrans" yaxın vaxtlarda 1-1,5 mln. ton tədarük edə bilər. Türkiyə və İran bazarının potensialı isə olduqca böyükdür. Bununla əlaqədar olaraq tərəfdaşlar Azərbaycan və İranın sərhədində ildə həcmi 30 min ton olan taxıl terminalının tikintinsini planlaşdırır. O.Roqaçyov və C.Quliyev bu layihəni (torpaqla birgə) 20-30 mln. dollar həcmində dəyərləndiriblər.

 

Terminal "Astara" azad iqtisadi zonasında tikiləcək. "Azrustrans"ın taxıl terminalı Rusiya taxılının Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və digər ölkələrə gedəcəyi İranın iri Bəndər-Abbas limanı üçün ilkin məntəqə rolunu da oynayacaq.

 

"Rusaqrotrans"ın Direktorlar Şurasının üzvü O.Roqaçyov əlavə edib ki, "Azrustrans" dəniz yükdaşımalarını da həyata keçirəcək: "Bu istiqamətin potensialı isə ildə 2,5 mln. ton taxıl təşkil edəcək. Dəmir yolu daşımaları 15-20% daha ucuzdur və məsafə baxımından da daha sərfəlidir: "Azov-Qara dəniz hövzəsindən keçməklə İrana qədər 30-36 sutka, Xəzər limanlarından 16, quru yolla 5-6 sutkadır".

Teqlər