İyul 16, 2016 09:33 Asia/Baku
  • Hikmət Hacızadə - Üzeyir Cəfərov
    Hikmət Hacızadə - Üzeyir Cəfərov

Cənubi Qafqaz və Mərkəzi Asiya İŞİD-in növbəti hədəfindədir?

 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Cənubi Qafqaz və Mərkəzi Asiya respublikalarında ola biləcək gərginliklərə bağlı fikir bildirib. O qeyd edib ki, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində yeni hərbi münaqişələrin yaranması ehtimalı mövcuddur: “Suriyadakı böhranlı vəziyyət hər hansı bir ölkədə, o cümlədən Mərkəzi Asiya və Qafqazın postsovet dövlətlərində təkrarlana bilər. Bu şərtlərdə Rusiya potensial təhdidlərə qarşı adekvat reaksiya verməyə məcbur olacaq”.

Politoloq Hikmət Hacızadə bu haqda deyib ki, İŞİD kimi terror qruplaşmaları bütün müsəlman ölkələrinə sıçraya bilər: “Biz onsuz da bu proseslərlə bağlı hansı təhlükələrin olduğunu bilirdik. Burada heç bir böyük bir sirrin açıqlanması və ya sətiraltı fikirlər görmürəm. Bir müddət öncə İŞİD-in bir rəhbər üzvü də qeyd etmişdi ki, hədəflərdən biri də Azərbaycandır. Bu qruplaşmaların terrorçu əməlləri dünyanın bir çox ölkələrinə yayılıb. Bu baxımdan MDB ölkələrinə də yayıla bilər. Bu problemlərin olduğu bir vaxtda Rusiya aktıv şəkildə prosesə müxtəlif müstəvilərdə qoşula bilər. Məlumatların ötürülməsi, hava hücumları və s. istiqamətlərdə Rusiya aktiv şəkildə iştirak edə bilər”.

Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov da belə söylibyib: Rusiyanın müdafiə naziri bu fikirləri bölüşməklə Rusiyanın bu proseslərdə rolunu qabartmaq istəyir: “Nəzəri baxımdan dünyanın istənilən ölkəsində hər cür hadisə baş verə bilər. Heç bir ölkə bundan sığortalanmayıb. Fransa kimi ölkədə baş verənlər buna əyani sübutdur. Amma bu gün konkret olaraq hər hansısa bir regionu göstərmək və baş verə biləcək terror hadisələrinin anonsunu vermək bir az çətin qəbul edilə bilən prosesdir. Əslində ötən əsrin sonlarına nəzər salsaq görərik ki, Cənubi Qafqazda Gürcüstan və Azərbaycan terror hadisələri ilə üzbəüz qalan ölkələrdəndir. Separatçılar regionda nə qədər qanlar tökdü. Əslində Rusiyanın müdafiə naziri bu fikirləri bölüşməklə Rusiyanın bu proseslərdə rolunu qabartmaq istəyir. Onu göstərmək istəyir ki, Rusiyanın antiterror proseslərində rolu danıla bilməz. Amma mən düşünürəm ki, dünyada baş verən gərginliklərin əsas səbəblərindən biri də elə Rusiyadır. Bu gün Şoyqu baş verə biləcək münaqişə ilə bağlı Cənubi Qafqazı və Mərkəzi Asiyanı göstərməklə bir növ hədəfləri göstərir. Son illər Rusiyanın qəbul etdiyi sənədə əsasən dünyanın hər hansısa bir nöqtəsində Rusiyanın maraqlarına toxunan hadisələr baş verərsə, Rusiya hәmin yerə müdaxilə etmək səlahiyyətinə malikdir. Göstərilən regionlar onu deməyə əsas verir ki, dünyamız yaxın gələcəkdə hələ bir çox yerlərdə acı hadisələrlə üzbəüz qalacaq”.

/Dəyərlər/

Teqlər