Avq 30, 2016 15:12 Asia/Baku
  • Professor Adil Qeybulla
    Professor Adil Qeybulla

Adil Qeybulla: “İnsanların yaşam və qida tərzi sağlamlaşdırma proqramı tələb edir”

Dünyada ürək çatışmazlığından vəfat edən insanların sayı durmadan artır. Bu xəstəlikdən dünyasını dəyişən insanlar statistika cədvəllərində ön sıralarda yer alırlar. Alimlərin keçirdiyi çoxsaylı araşdırmalar nəticəsində məlum olub ki, 2060-cı ilədək ürək çatışmazlığından vəfat edən insanların sayı 3 dəfə artacaq.

 

Ürək çatışmazlığına görə ölənlərin sayının artması səbəblərinə Deyerler.org üçün aydınlıq gətirən professor Adil Qeybulla deyib ki, bu xəstəliyin artmasının əsas səbəbi, insanların yaşam tərzi və qeyri-düzgün qidalanmasıdır: “Bu gün dünyada ürək damar xəstəliklərinin xüsusi çəkisi artmaqdadır. Bunun səbəbləri əslində məlumdur. İlk növbədə insanların həyatlarının ciddi olaraq avtomatlaşmasını əsas amil kimi qeyd etmək lazımdır. İnsanların az hərəkət etməsi, çox qida qəbul etməsi, xolestrollu qidaların rasionda üstünlük təşkil etməsi ürək-damar xəstəliklərinin artmasına gətirib çıxardır. Çünki, orqanizmdə qəbul edilən kalori ilə sərf edilən kalori arasında bir balans olmalıdır. Əgər bunların arasındakı tarazlıq pozulsa - çox qida qəbul edilib, az kalori sərf olunsa orqanizmdə mübadilə pozulur. Mübadilənin ara məhsullarının oynaqlarda, damarlarda çökməsinə səbəb olur və nəticədə də orqanizim tədricən sıradan çıxır. Xolesterollu qidaların çox qəbul edilməsi, onların damarlarda çökərək qan dövranı yollarının daralmasına səbəb olur. Bu da orqanizmdə qan təchizatının pozulmasına gətirib çıxardır. Ürək damarlarının daralması daim işlək orqan olan ürəyin işlək mexanizmini pozur. Bu da nəticə etibarı ilə ürəyin ciddi əziyyət çəkmisənə səbəb olur.

 

Dünyanın hər yerində kütləvi idman baş qaldırıb. Amma təəssüflər olsun ki, bu tendensiyanı Azərbaycanda müşahidə etmirik. Kütləvi idmanın əsas məqsədi insanların sağlam qalmasına yönəldilib. İnsanların indiki yaşam və qida tərzi xüsusi sağlamlaşdırma proqramı tələb edir. Amma KİV-lərdə bu istiqamətdə heç bir iş aparılmır. Bizim televiziya ekranlarında mənasız, əhəmiyyətsiz verilişlərdən başqa heç nə seyr etmək mümkün deyil. Eyni zamanda şəhərdə ciddi şəkildə yaşıllıqların qırılması da ekoloji tarazlığın pozulmasına səbəb olur. Bu da nəticə etibarı ilə insanların sağlam həyat tərzi sürmələrinə neqtiav təsir edir”.

Teqlər