Mart 28, 2016 20:42 Asia/Baku
  • Günəş və Ay - Uca Allahın qüdrətinin nişanələridir

Günəş və Ay öz hesab olunan hərəkətləri ilə Həkim Allahın əzəmətli nişanələrindəndir.

. “Gecə, gündüz, günəş və ay Onun(tövhid, qüdrət və rübubiyyət) nişanələrindəndir. Əgər siz (yalnız) Ona ibadət edirsinizsə, günəşə və Aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin”. (“Fussilət” 37).

Günəş enerji mənbəyidir və Yer kürəsi üçün əvəzsiz bir bərəkət hesab olunur. Nur və istilik günəş vasitəsilə təmin olunur. Bütün bitkilər onun vasitəsilə böyüyür və bar verir. Bütün canlılar ondan enerji alır. Əgər günəş olmasaydı, həyat olmazdı. (Erfan)

Bu gün atom və elekrtik enerjiləri də günəşdən alınır. Günəş böyük ulduzdur və çoxlu qaz kütləsindən ibarətdir. Milyon illərdir ki, Yer kürəsi günəşin, Ay isə Yer kürəsinin ətrafına fırlanır. Bir an belə öz yolunu azmır. Gecə və gündüz öz saatında baş verir. İnsan da öz həyat proqramını bu ikisinin yerldəyişməsinə uyğun tənzim edir. “Sübhü yaran (da Allah)dır. O, gecəni rahatlanma mənbəyi, günəş və Ayı (düzgün və dəqiq) hesablama üçün vasitə etmişdir (ki, Yerin öz oxu və günəş ətrafında fırlanmasından günəş ili və ayı, Ayın Yer kürəsi ətrafında fırlanmasından isə qəməri ili və ayı yaranır). Budur O qüdrətli və bilənin ölçü və miqyası!”. (“Ənam” 96).

“Nə günəş (öz təbii hərəkət sistemində bu) Aya (və özünün başqa aylarına, yəni başqa peyklərə) çatmaz, nə də gecə gündüzdən irəli keçməz. Onların (günəş, Ay və ulduzların) hər biri müəyyən bir dairədə üzürlər”. (“Yasin” 40).

Əgər bir gün günəş sönərsə, o zaman canlıların həyatı sona çatar. Hər yer qaranlıq və zülmət içində olar. Bütün bitkilər ölər.

İnsan hələ qədim zamandan günəşin əhəmiyyətini dərk etmiş və ona görə də bəziləri onu öz məbudları kimi tanımışdılar. Ona nəzirlər edir və dua edərdilər. Lakin insan elm kəsb etdikdən sonra dərk etdi ki, günəşdən də ali və qüdrətli bir varlıq vardır. “Əgər siz (yalnız) Ona ibadət edirsinizsə, günəşə və Aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin”. (“Fussilət” 37).

Niyə o şeyə səcdə edəsiniz ki, varlıq aləminin qanunlarına tabedir? O Varlığa səcdə edin ki, onları sizin üçün ram etmişdir, faydalarını sizin ixtiyarınıza qoymuşdur. “Həmçinin (yaradılış məcburiyyəti ilə) daim (hərəkətdə, nur saçmaqda və yerə təsir göstərməkdə)olan günəşi və Ayı sizə ram etdi. Və (yerin hərəkətini günəşlə tənzim etməklə) gecə ilə gündüzü də sizə ram etdi”. (“İbrahim” 33).“Gecəni və gündüzü və günəş ilə Ayı sizə ram etdi və bütün ulduzlar Onun mütləq iradəsi qarşısında ramdırlar. Əlbəttə, bunda(bu ram olmaqda) ağıllarını işlədən dəstə üçün nişanələr vardır”. (“Nəhl” 12).

Bəli, günəş və Ay - Allahın əzəmətinin və qüdrətinin nişanələrindəndir. Əgər bir gün günəş sönərsə, varlıq aləmi məhv olar. Bütün bu fenomenlər Allahın nə qədər Qadir olduğunun sübutudur.

 

/Deyerler.org/


Teqlər