Nov 06, 2019 19:55 Asia/Baku
  • Azərbaycan Rusiyaya nota verib

Bu gün Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Xarici İşlər Nazirliyinə çağırılıb və onunla Xarici İşlər nazirinin müavini Xələf Xələfov görüş keçirib.

XİN-dən  verilən məlumata görə, görüş zamanı Rusiya səfirinə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin “təmsilçiləri” Masis Mayilyan və Lernik Hovhannisyanın Rusiyaya səfər etməsi ilə əlaqədar  Azərbaycan Xarici İşlər Nazirliyinin etiraz notası təqdim edilib.

Notada Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma qurumun “nümayəndələri”nin Rusiya ərazisinə daxil olması və orada bir sıra rusiyalı ekspertlər və akademik mərkəzlərin təmsilçiləri ilə görüşlərin keçirilməsi Ermənistanın artıq 30 ilə yaxındır ki, işğal olunmuş ərazilərdə status-kvonu möhkəmləndirməyə cəhd edərək, Azərbaycan ərazilərini işğal altında saxlamağa xidmət etdiyi qeyd olunub.

Bununla əlaqədar Azərbaycan tərəfi bu kimi qanunsuz səfərlərin qarşısının alınması istiqamətində Rusiya tərəfindən bütün zəruri tədbirlərin görülməsini gözlədiyini səfir M. Boçarnikovun diqqətinə çatdırıb.

Səfir M. Boçarnikov  Azərbaycan tərəfinin etirazı barədə Rusiya XİN-ə məruzə edəcəyini bildirib.

 

 

Şərhlər