Sen 17, 2020 11:07 Asia/Baku
  • Akif Çovdarovla bağlı yeni qərar

Akif Çovdarovla bağlı yarım milyon dollarlıq yeni qərar verildi.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir,  Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generallarının işində məhkəmə onlarla işadamının əlindən hədə-qorxuyla pulunun, başqa əmlaklarının alındığını təsdiqləsə də, ziyanın ödənilməsi üçün verilən mülki iddiaların əksəriyyətini təmin etmədi. Zərərçəkmişlərə bildirildi ki, ziyanı tələb etmək üçün özləri mülki qaydada ayrıca iddia qaldıra bilərlər. Həmin zərərçəkmişlərdən biri Zaur İbrahimov keçmiş MTN gerenalı Akif Çovdarovun üzərinə 525 min dollar ödəmək öhdəliyi qoydurub.

Z.İbrahimov mobil telefon, danışıq kartları və kompüterlərin satışıyla məşğul olan “BakTel” MMC-nin rəhbəridir. O iddia edir ki, 2009-cu ildə MTN işçiləri şirkətə basqın edib, sənədləri və əməkdaşlardan birini aparıb axşama qədər saxlayıblar. Şirkətin əməkdaşını buraxıb, onu çağırıblar. Z.İbrahimovun sözlərinə görə, onu nazirlikdə Çovdarov qəbul edərək şirkətin əməkdaşlarından birinin “AyTel-MMM” ilə 550 min dollarlıq borc qalmaqalından danışıb. Bildirib ki, “Aytel-MMM” keçmiş milli təhükəsizlik naziri Eldar Mahmudova məxsusdur, bu pul ödənilməlidir.

525 min dolları üç dəfəyə ödəyib

Z.İbrahimov deyir ki, həmin əməkdaşın sözügedən qalmaqala görə məhkəmənin hökmü ilə artıq cəzalandırıldığını desə də, xeyri olmayıb. A.Çovdarov pulun ödənilməsini ondan tələb edib. Əks halda, dələduzluq ittihamıyla həbs olunacağı, rüsvay ediləcəyi haqda xəbərdarlıq olunub. O da 225, 200 və 100 min dollar olmaqla, üç dəfəyə 525 min dolları Çovdarova çatdırıb.

A.Çovdarov isə onun yalan danışdığını bildirib. Onun sözlərinə görə, Z.İbrahimovun müəyyən şəxslərlə biznes problemləri vardı. Bu məsələ ilə əlaqədar onu qəbul edərək həmin şəxslərlə problemlərin aradan qaldırılmasını tövsiyə edib. Amma ondan pul almayıb.

A.Çovdarov haqqında hökmdə isə zərərçəkmişin dedikləri həqiqət sayılıb. Bundan sonra Z.İbrahimov o pulun Çovdarovdan geri alınması üçün hüquqi addımlara başlayıb.

Əldə etdiyimiz məlumata görə, şirkət rəhbəri Çovdarova qarşı iddiasında 525 min dollar maddi ziyanla yanaşı, 50 min manat da mənəvi ziyana görə təzminat tələb edib. Xəzər Rayon Məhkəməsi onun iddiasını təmin edib.

Qərardan A.Şovdarov şikayət verib. Bakı Apelyasiya Məhkəməsi maddi ziyanla bağlı məbləği olduğu kimi saxlasa da, mənəvi ziyana görə təzminatı 500 manata salıb. Keçmiş MTN generalı bundan da Ali Məhkəməyə şikayət verib. Bu günlərdə işə baxan Ali Məhkəmə onun şikayətini təmin etməyib, onun üzərinə 525 min dollar və 500 manat ödəmək öhdəliyi qoyan məhkəmə qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ildə həbs edilib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunmuşdu və bu il aprelin 6-da əfv edilib.

Teqlər

Şərhlər