Okt 21, 2019 14:23 Asia/Baku
  • Azərbaycandan Avropaya cavab
    Azərbaycandan Avropaya cavab

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Avropa İttifaqının bəyanatına cavab verib. Qeyd edib ki, Azərbaycanda sərbəst toplaşma azadlığı təmin olunub. Avropa İttifaqının bəyanatında onlarla insanın saxlanması barədə verilən məlumat yalandır. Qanunsuz aksiya keçirən şəxslərin əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb”.

Avropa Birliyi oktyabrın 19-da müxalifətin Bakıda keçirdiyi yürüş zamanı baş verənlərlə bağlı reaksiya verib.

Avropa Birliyinin bəyanatında deyilir: “İzdihamın dağıdılması və iştirakçıların həbsi zamanı səbəbsiz olaraq aşırı gücdən istifadə olunması haqda məlumat gəlir. Belə insidentlər araşdırılmalıdır. Hakimiyyəti, saxlanmış dinc etirazçıları buraxmağa çağırırıq”, – bəyanatda deyilir.

“Sərbəst toplaşma azadlığı fundamental hüquqdur və Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq bu hüququ təmin edəcəyini gözləyirik”,- Avropa Birliyinin bəyanatında vurğulanır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat  katibi Leyla Abdullayeva bəyanatla bağlı şərh verib. O, açıqlamasında aksiyanın keçirilməsi üçün Bakı şəhərinin digər ərazisində müvafiq yerin ayrıldığını qeyd edib.

“Aksiya iştirakçısı olan bir qrup şəxs isə icazəsiz şəkildə həftəsonu əhalinin istirahət etdiyi və sıx olduğu mərkəzi küçələrə çıxmışdı. Bu qanunsuz aksiyaya görə 3 metro stansiyası və 14 avtobus xətti bağlanıb və şəhərdə insanların hərəkətinə maneələr yaranıb. Qeyd etmək istərdim ki, aksiya iştirakçılarına qarşı hər hansı zorakılıq tətbiq olunmayıb və Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən yayılmış rəsmi açıqlamada qeyd edildiyi kimi, saxlanılan şəxslərin böyük əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb. Bakıdakı hadisələri yaxından izləyən Avropa İttifaqının yəqin ki, bu məlumatlardan xəbəri olmalı idi”, – açıqlamada deyilir.

Leyla Abdullayeva əlavə edib ki, Azərbaycan Respublikasında insanların fundamental hüquq və azadlıqları tam şəkildə təmin olunur və bu proses ölkə konstitusiyası, digər uyğun qanunlar, eləcə də beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyət və beynəlxalq öhdəliklər vasitəsilə tənzimlənir.

Milli Şura oktyabrın 19-da Bakıda etiraz aksiyası keçirməyə cəhdlər göstərib. Aksiya iştirakçıları ilə polis arasında toqquşma baş verib. Polis aksiyanın qarşısını alıb, onlarla şəxs saxlanıb.