Apr 26, 2024 15:11 Asia/Baku
  • Azərbaycan parlamenti AP-ın qətnaməsinə qarşı bəyanat verib

Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair 25 aprel qətnaməsini qərəzli siyasi aksiya adlandırıb. İttihamları qətiyyətlə rədd edib.

Azərbaycan parlamentinin Avroparlamentin qətnaməsinə münasibətində deyilir ki, bu beynəlxalq təşkilat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması ilə nəticələnmiş İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində alətə çevrilib.

" Ermənistan ilə Azərbaycan arasında münaqişədən sonra normallaşma prosesinin irəliyə aparılması üçün tədbirlərin görüldüyü, xüsusən sərhədlərin delimitasiyası istiqamətində ilk ümidverici nəticələrin əldə edildiyi dövrdə Avropa Parlamentinin növbəti aksiyası Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etmək istəməyən, səlibçilik düşüncəsinə qapılan qüvvələrin bu sülh prosesinə zərbə vuran, Azərbaycan Respublikasının nüfuzuna xələl gətirməyə yönələn bir addımdır",- Azərbaycan parlamentinin bəyanatında deyilir.

Qeyd edilib ki, Azərbaycana qarşı yönələn bu cür qərəzli kampaniyalar ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə xələl gətirməklə yanaşı, Avropa Parlamentinin nüfuzuna yeni bir zərbə vurur.