Apr 26, 2024 15:19 Asia/Baku
  • “ABŞ hökuməti ifadə azadlığını boğur”

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan özünün X sosial media hesabında ABŞ universitetlərində İsrail rejiminin soyqırımı və hərbi cinayətlərinə etiraz edən tələbələrə qarşı polis zorakılığını qınayıb.

Əmir-Əbullahiyanın paylaşımında deyilir: “ABŞ universitetlərində İsrail rejiminin soyqırımı və hərbi cinayətlərinə etiraz edən professor və tələbələrə qarşı polis zorakılığı dünya ictimai rəyini dərindən narahat edir”.

İranlı nazir qeyd edib ki, bu zorakılıq Vaşinqtonun İsrail rejiminə davamlı dəstəyinə uyğundur və ABŞ administrasiyasının ifadə azadlığı ilə bağlı ikili siyasətini və ziddiyyətli davranışını nümayiş etdirir.

Əmir-Abdullahiyan əlavə edib: “On minlərlə fələstinli qadın və uşağa qarşı törədilən soyqırımdan, xüsusən də Qəzzə zolağında Nasir xəstəxanasında kütləvi məzarlıqların aşkarlanmasından sonra İsrail rejiminə və onun havadarlarına qarşı qlobal nifrət dalğasını gizlətmək olmaz. Ağ Ev dərhal İsrail rejiminin hərbi cinayətlərini dəstəkləməyi dayandırmalı və cavabdeh olmalıdır”.

Xatırladaq ki, ABŞ-da 38 universitet tələbələri Fələstinə dəstək kampaniyasına start verib.

Bu məlumata əsasən, universitetlərdə çadır şəhərcikləri qurulub, polis tələbələrə tez-tez müdaxilə edir, insidentlər baş verir.

İsrailin xarici kəşfiyyat xidməti Mossad aksiyalarda iştirak edən tələbələri sosial media vasitəsilə hədələyib.