Mart 20, 2020 21:38 Asia/Baku
  • Azərbaycan ciddi tədbirlər həyata keçirir
    Azərbaycan ciddi tədbirlər həyata keçirir

Azərbaycan Respublikasında ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Indi isə təhsil müəssisələrində tədrisin dayandırılması aprelin 20-nə kimi uzadılıb. Həmçinin bir sıra dövlət qurumlarının əməkdaşları bir ay müddətində məzuniyyətə buraxılır.

Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində tədrisin dayandırılması aprelin 20-nə kimi uzadılıb.

Bununla bağlı bu gün, martın 20-də Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.

Məlumatda yazılıb ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir:

«Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub».

Bundan əvvəl koronavirus infeksiyası ilə bağlı Azərbaycanda orta və ali məktəblərdə dərslər martın 2-dən bir həftə dayandırılmışdı. Bu müddət sonradan martın 29-na qədər uzadılmışdı.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 44 şəxsdə koronavirus aşkarlanıb. Onlardan 10 nəfərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı yüzlərlə şəxsin karantində saxlandığı açıqlanıb.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub.

Baş Nazir Əli Əsədov yeni tip koronavirus infeksiyası (Covid-19)  təhlükəsi ilə əlaqədar sərəncam imzalayıb.

Sərəncama əsasən, yeni koronavirus (Covid-19) infeksiyasının qarşısının alınması üzrə Azərbaycan Hökuməti tərəfindən aparılan profilaktik tədbirlər çərçivəsində  dövlət orqanları və qurumları, onların tabeliyində olan qurumların əməkdaşları 2020-ci il martın 29-dan bir ay müddətində əməkhaqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilir.

Qeyd edək ki, bu sərəncam səhiyyə, hüquq mühafizə orqanları və güc strukturlarına şamil edilməyib.

BAKI CİDDİ TƏDBİRLƏR HƏYATA KEÇİRİR

Teqlər