Apr 01, 2016 20:44 Asia/Baku
  • “Cümə” icmasından möhtəşəm mövlud törəni

“Cümə” icmasından möhtəşəm mövlud törəni

Bu günlər dünyada iki dünya qadınlarının Xanımı, Həzrət Rəsulallahın (s) gözünün nuru Həzrət Zəhranın (s.ə) mübarək mövludu günləri kimi qeyd olunur. Müsəlman dünyası mövludla bağlı əzəmətli bayram tədbirləri təşkil edir.

 

Ölkəmizdə də Həzrət Zəhranın (s.ə) mövludu - Xanımlar bayramı ilə bağlı müxtəlif tədbirlər keçirilməkdədir. İçərişəhər "Cümə" məscidi dini icması Həzrət Zəhranın (s.ə) mövludu münasibətilə Martın 30-da möhtəşəm bayram tədbiri keçirib.

 

Ənənəvi olaraq bayram tədbiri Qurani-Kərimin tilavəti ilə başlanmışdır.

 

Müqəddəs ayələrin tilavəti başa çatdıqdan sonra Dövlət Himnimiz mərasim iştirakçıları tərəfindən cəmlə ifa edilmişdir.

 

Daha sonra “Əhli-Beyt (ə) aşiqləri” dini-yaradıcılıq qrupunun ifasında biri-birindən gözəl ilahilər səsləndirilmişdir.

 

"Dünyaya gəlib bu gün Xanımların Sərvəri (s.ə)", "Dərdlərə dərmansan, Fatimə (s.ə)” və digər bir-birindən gözəl ilahilərdən sonra İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu mərasim iştirakçıları qarşısında çıxış edib. Bütün Zəhrasevərləri təbrik edən Hacı İlqar, bu Mövludun əhəmiyyətinə toxunub.

 

Hacı İlqar dünyada Xanım Zəhra (s.ə) şəxisiyyətinin tanıtdırılmasına indi hər zamandan daha çox ehtiyac olduğunu qeyd edərək, Xanım Zəhra (s.ə) şəxsiyyətinin yalnız xanımlar üçün deyil, bütün bəşəriyyət üçün nümunə olduğunu deyib.

 

Hacı İlqar eyni zamanda Həzrət Rəsulallah (s) dönəmindən indiyə qədər insanların iki seçim qarşısında olduğunu bildirib: "O kəslər ki, həqiqi dəyərlərə, əbədi Kövsər bulağına bağlanıb, Qiyamətədən qaynayacaq. Amma o kəslər ki, bunun qarşısında dayanıb, məhv olub və adı tarixdə qalıbsa da, yalnız məfni obraz olaraq qalıb", - deyə xətib vurğulayıb.

 

Sonda Hacı İlqar bir sıra dualar etmiş, o cümlədən torpaqlarımızın azadlığı, İslam dünyasında sülhün bərqarar olması, Zəmanə Sahibinin (ə.f) zühurunun təcilini Allahdan diləmişdir.

 

Tədbirin davamında dəyərli Əhli-Beyt (ə) məddahı Hacı Mehdi Dərbəndi "Ya Rəbb" İlahisini tədbir iştirakçılarına ərməğan edib.

Tədbirin digər qonağı, Əhli-Beyt (ə) məddahı Hacı Rahim Dərviş də də Həzrət Zəhraya (s.ə) həsr edilmiş gözəl İlahilər ifa edərək, tədbiri rövnəqləndirmişdir.

 

Növbəti çıxış edən dəyərli Əhli-Beyt (ə) şairi Hacı Səyyar, Həzrət Zəhranın (s.ə), eləcə də Əhli-Beytin (ə) şəninə yazılmış şer və qəzəllərini səsləndirərək, tədbirə xüsusi rəng qatmışdır.

 

Daha sonra bayram tədbiri “Əhli-Beyt (ə) aşiqləri” qrupunun ifasında gözəl İlahi və surudların ifası ilə davam etmişdir.

Tədbir cəmlə "Fərəc" duasının oxunuşu ilə yekunlaşıb.

/Dəyərlər/

Teqlər