Tale Bağırzadə: Mübarizə yalnız qanun çərçivəsində
Tale Bağırzadə: Mübarizə yalnız qanun çərçivəsində
Verilişin müddəti : 00:02:00
Tarix : 2015/11/08
Tale Bağırzadə: Mübarizə yalnız qanun çərçivəsində
"Son günlər Müsəlman Birliyi Hərəkatının üzvlərinə olan haqsızlıqlara
qarşı inanclıların öz etirazlarını dinc yolla ifadə etmələri rəsmi
dairələr tərəfindən dini radikalizm kimi qələmə verilir. Bunu, tanınmış
ruhani Tale Bağırzadə özünün sosial profil şəbəkəsində paylaşıb.
Müsəlman Birliyi Hərəkatının sədri vurğulayıb: “Ölkədə olan
qanunsuzluqlardan danışanlar hakimiyyət tərəfindən qanunsuz, qondarma
ittihamlarla həbs olunur, zindanlara salınırlar. Biz səbr edib,
mübarizəmizi yalnız və yalnız qanun çərçivəsində aparırıq.”
Noyabrın 5-də Sabunçu rayonu ərazisində həbs olunan 8 dindarın hər
birinə 10-30 sutka həbs verilib: İsgəndərov Elxan- 15 sutka, Rzayev
Sahil- 15 sutka, Osmanov Teymur- 15 sutka, Bunyatov Elvin- 15 sutka,
Əhmədov Lətif -10 sutka, Əhməd adlı inanclı - 10 sutka, Əliyev Anar - 30
sutka, Qasimov Elçin -30 sutka, Yəhyayev Agaəli - 30 sutka, Həbibov
Sahib -30 sutka, Vəliyev Niftəli - 20 sutka.
"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyi son olaylarla bağlı bəyanat
verib. Bildirib ki, son olayları izləyən təşkilat olaraq, istər
ilahiyyatçı Tale Bağırzadənin polisə dəvət edilərək, orada fiziki
zorakılığa məruz qalmasını, istərsə də Sabunçudakı hadisələri ölkədəki
yeni islamofobik addımlar kimi dəyərləndiririk.
Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə 3 noyabrda Yasamal
Polisinə dəvət edilir və orada ona fiziki zorakılıq olur. O, namazının
qəzaya getməməsi üçün namaza başladığı zaman, üç polis məmurunun fiziki
zorakılığına məruz qalmışdır. (İlahiyyatçı öz şəxsi pofilində bu haqda
yazmışdır)
Bundan sonra bu təzyiqlərə Müsəlman Birliyi Hərəkatının sədr müavini
ilahiyyatçı Elçin Qasımov öz haqlı etirazını bildirir. Elçin Qasımov
polisə dəvət edilir. İnanclılar Tale Bağırzadəyə qarşı fiziki
zorakılığın yenidən Elçin Qasımova qarşı həyata keçiriləcəyini ehtimal
verərək, Sabunçu Polisinin qarşısına toplaşırlar. Sabunçu ərazisinə
əlavə polis qüvvələri cəlb edilir və bəzi dindarlar xəbərdarlıq
edilmədən fiziki zorakılığa məruz qalırlar. Elçin Qasımovun səhərisi gün
öz vəkili ilə görüşməsinə izin verilmir.
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd
olunub ki, məhkəmənin qərarı ilə saxlanılmış şəxslər barəsində İnzibati
Xətalar Məcəlləsinin 298-ci (toplantıların təşkili və keçirilməsi
qaydasının pozulması) və 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən
tabe olmama) maddələri ilə on gündən bir ayadək müddətinə inzibati həbs
tətbiq edilib.
Qarabağ İslami Müqavimət Hərəkatının rəhbəri Hacı Rövşən Əhmədli,
Azərbaycanda məhərrəmlik ayı başlayandan bu yana inanclı kəsimə qarşı
təzyiqlərin işə düşdüyünü deyərək, buna nümunə kimi, oktyabrın 23-də
Gəncədə baş verən hadisələri xatırladıb. Onun fikrincə, inanclı
insanlara təzyiq edənlər bilərəkdən dini mərasimlərin mahiyyətini
dəyişməyə çalışırlar. Bunu media və ictimai şüura, hakimiyyətlə inanclı
kəsim arasında qarşıdurma kimi təqdim etmək istəyirlər.