May 06, 2020 09:12 Asia/Baku
  • İmişli Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirib. Əməliyyat barədə hələlik rəsmi məlumat açıqlanmayıb.  İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev saxlanılıb. Hacıyev 2012-ci ildən bəri isə İmişlinin icra hakimiyyətinin rəhbəri idi.

Qyri-Rəsmi məlumatlara görə, 2012-ci ildən İmişli İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Vilyam Hacıyev və daha bir neçə şəxsin saxlanıldığı bildirilir.

Qeyd edək ki, V.Hacıyev vaxtaşırı olaraq medianın və blogerlərin gündəminə gəlib. Xüsusilə də Hacıyevin kirayədə qaldığı barədə ötən il məlumat yayıldıqdan sonra onun sərvəti haqda mediada məlumatlar tirajlandı. İcra başçısının Bakıda, Qazaxıstanda, Gəncədə və Dubayda böyük biznesi olduğu qeyd edilmişdi.

Azərbaycanda və xaricdə milyonluq villaları və sərvətləri olduğu iddia edilən icra başçısı isə bütün deyilənləri rədd edərək, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşadığını iddia etmişdi.

İcra başçılarının həbsi Azərbaycana yeni baş prokurorun təyin edilməsindən sonra yeni mərhələyə keçib. Prezident İlham Əliyev ölkədə korrupsiya və rüşvətxorluğa son qoyulması üçün ona xüsusi tapşırıq verib. YAP nümayəndələri gələcək günlərdə bir sıra nazirlər və komitə sədrlərinin də həbs oluna biləcəklərini deyirlər. 

Teqlər

Şərhlər