İyul 06, 2023 18:45 Asia/Baku

Nazim Bəydəmirli ilə bağlı həbs qətimkan tədbiri seçildi

Azərbaycan Respublikası Milli Məclisinin sabiq üzvü Nazim Bəydəmirli ilə bağlı həbs qətimkan tədbiri seçilib.

Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab edilib.

Qərara əsasən N. Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, keçmiş deputat Cinayət Məcəlləsinin 182.2.2ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu maddə ilə onu 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Rəsmi məlumatda deyilib ki, Nazim Bəydəmirli vətəndaş müraciəti əsasında saxlanılıb. İddiaya əsasən, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək, 50 min manat pul tələb etdiyini deyib.

Nazim Bəydəmirlinin vəkili təqdimatın əleynə olub və onun təmin olunmamasını istəyib.

Nazim Bəydəmirli bildirib ki, ona qarşı irəli sürülmüş ittiham tamamilə əsassızdır. O, nə kimisə hədələyib, nə də pul tələb edib.

Nazim Bəydəmirli və vəkilinin etirazlarına baxmayaraq, hakim təqdimatı təmin edib və 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi haqda qərar elan olunub.

Nazim Bəydəmirli vəkili ilə danışanda Gədəbəyin Söyüdlü kəndində baş verənlərə  görə saxlanıldığını deyib. Sabiq deputat Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) aparıldığını bildirib.

Qeyd edək ki, iyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb.

10-dan artıq kənd sakini və hadisənin təşkilində şübhəli bilinən şəxs saxlanılıb. Saxlanılanlar arasında narkotik ittihamı ilə üzləşən də var.

Söyüdlü kəndinin sakinləri iki gün ard-arda evlərinin yaxınlığında qızıl mədənləri üçün ikinci süni gölün salınmasına etiraz edib.

Sakinlər kəndlərində ikinci belə yaradılacaq su hövzəsinin kimyəvi maddələrlə dolu olduğunu, bunun isə sağlamlığa zərər vurduğunu bildiriblər.

Nazim Bəydəmirli isə sakinlərin müdafiəsinə qalxdığı üçün hökumət mediası tərəfindən hədəfə alınıb. 

 

Teqlər