Azərbaycanın neft gəlirləri arta bilər
Dünya bazarlarında yeni ilin ilk günlərində xüsusi diqqət mərkəzində yer alan məsələlərdən biri də neftin qiyməti ətrafında yaşanan dəyişikliklərdir. Son hərraclar qiymətlərin hələ də sabit həddə qalmadığını göstərir. Amma OPEK və qeyri-OPEK ölkələri arasında ötən ilin noyabrında əldə edilmiş razılaşmanın qüvvəyə minməsi fonunda qiymətlərin daha çox artması və 60 dolları yaxın tezlikdə keçməsi gözlənir.
İndi hasilatçılar üçün əsas məsələ əldə olunan razılığa əməl edilməsidir. Bu fonda məlum olub ki, OPEK-in baş katibi Mühəmməd Sanusi Barkindo tezliklə Küveytə səfər edəcək.
Məlumata görə, baş katib birlik ölkələrinin neft hasilatının ixtisarı üzrə razılaşmalara riayət etməsinə məsul olan komitənin iş mexanizmlərini müzakirə edəcək. O, Küveytdə bu ölkənin neft naziri və OPEK-in monitorinq komissiyasının rəhbəri Əssam əl-Marzukla da məsləhətləşmələr keçirəcək. Küveytin Neft Nazirliyindən bildirilib ki, Mühəmməd Sanusi Barkindonun səfəri OPEK və qeyri-OPEK ölkələri arasında ötən ilin noyabrında əldə edilmiş razılaşmanın qüvvəyə minməsi fonunda olduqca zəruridir. Yeri gəlmişkən, OPEK ölkələrinin neft hasilatı üzrə monitorinq komitəsinin növbəti toplantısı yanvarın 21-22-də Vyanada keçiriləcək. Hələlik isə bəllidir ki, hasilatçıların öhdəliklərini yerinə yetirməsi neftin qiymətini əhəmiyyətli dərəcədə artıracaq. Məsələn, Qətərin OPEK çərçivəsində əldə edilmiş razılaşmaya uyğun olaraq sutkalıq neft hasilatını 130 min barrel azaltmaq barədə qərarını açıqlaması dərhal bazarlara təsir edib və qiymətləri yüksəldib. İndi daha çox ölkənin eyni addım ataraq qiymətlərə təsir etməsi gözlənir. Xatırladaq ki, OPEK-ə daxil olmayan ölkələrdən Azərbaycan və Rusiya da Vyana razılaşmasına uyğun olaraq hasilatı azaldacaqlarını açıqlayıb. Ümumiyyətlə, OPEK ölkələrinin və kartelə daxil olmayan digər neft ölkələrinin əldə etdikləri razılaşmalara görə, yanvarın 1-dən etibarən sutkalıq neft hasilatı cəmi 1.8 milyon barrel azaldılmalıdır. Hesablamalara görə, bu razılaşmalar yerinə yetirilsə, bazarda tələbatdan artıq neft aradan qalxacaq və qiymətlərin artımı üçün stimul yaranacaq. Bu baxımdan tezliklə neftin bahalaşmaqda davam edərək 60 dollara çatacağı gözlənir. Lakin qiymətlərin sonrakı dəyişməsinə hasilatın azaldılmasına dair razılaşmanın necə yerinə yetirilməsi, ABŞ-da neft hasilatına dair rəqəmlər də təsir göstərəcək. Proqnozlara görə, ABŞ-da şist neftin hasilatı yanvardan etibarən artmalıdır. Aydındır ki, neftin qiyməti 60 dollar səviyyəsində stabilləşsə, bu, 2017-ci il üçün dünya iqtisadiyyatına ciddi təsir göstərədi. Eləcə də Azərbaycan iqtisadiyyatında inkişaf göstəricisini daha da yüksəldərdi. Hazırda büdcədə neftin barreli 40 dollardan götürülüb. İl ərzində qiymətlər bundan yuxarı olsa, əlavə vəsaitlər Neft Fondunda toplanacaq, nəticədə valyuta ehtiyatları artacaq. Bu, həm də manatın məzənnəsinin sabitləşməsinə kömək edəcək. Ümumiyyətlə, neftin barrelinin 60-70 dollar arasında olması Azərbaycan üçün münasibdir və bu, tədiyyə balansında kəsirin aradan qaldırılmasına imkan verir. Neftin qiymətində isə artım qaçılmaz sayılır. "Bloomberg" agentliyinin 24 analitik arasında apardığı sorğunun nəticələrinə görə, 2017-ci ildə "Brent" markalı neftin qiyməti orta hesabla bir barrel üçün 58 dollar təşkil edəcək ki, bu da onun ötən ildəki qiymətindən 29% çoxdur. Analitiklər qeyd edir ki, bu artım, o cümlədən gözlənildiyi kimi, OPEK-in hasilatın azaldılmasına dair qərarı ilə də şərtlənəcək. Məsələ ilə bağlı "The İndependent" nəşri yazır ki, ötən il rekord sayda neft və qaz şirkəti ziyana işləyib və ya müflis olub. Amma cari ildə neftin qiymət artımı ilə vəziyyət dəyişəcək. "Moore Stephens" firmasının apardığı araşdırma ötən il 16 neft və qaz şirkətinin müflis olduğunu aşkar edib. Halbuki, 2012-ci ildə belə neft və qaz şirkətləri yox idi. Neft qiymətləri bir barrel üçün 120 dollardan 50 dollara endikdən sonra bu sektordakı kiçik şirkətlər rəqabətə tab gətirə bilməyib. Firmanın təhlilçisi Ceremi Vilmont qeyd edir ki, neft qiymətlərinin düşməsi bir çox Britaniya şirkətlərini böhran həddinə gətirib. Ekspert deyir ki, son 15 ildə İraqdan tutmuş Folklend adalarına qədər hər yerdə axtarış və hasilatla məşğul olan Britaniya neft və qaz şirkətlərinin sayı sürətlə artıb: "Neft qiymətləri qalxmasa, bu şirkətlərin bir çoxunu yaxın gələcəkdə müflislik gözləyir". Məhz bu fonda Qərb ölkələri də neftin qiymət artımına indi daha çox maraq göstərməyə başlayıb.