İyun 19, 2015 13:52 Asia/Baku
  • İranın nüvə işi ilə bağlı müzakirələr Vyanada davam edir
    İranın nüvə işi ilə bağlı müzakirələr Vyanada davam edir

Yekun nüvə anlaşması sənədinin hazırlanması ilə bağlı İran və 5+1 qrupu arasındakı müzakirələr davam edir.

İran və 5+1 qrupu iyul ayının 1-nə kimi yekun anlaşma sənədi barədə razılığa gəlməlidirlər. Bu anlaşma sənədi İranın nüvə fəaliyyətlərinin dincməqsədli olmasına və İrana qarşı tətbiq edilmiş sanksiyaların ləğvinə zəmanət vermiş olmalıdır.
Diplomatik mənbələr təyin olunmuş möhlət ərzində yekun anlaşma sənədi barədə razılığın əldə olunması barədə fərqli fikirlərə malikdirlər. Bəzi tərəflər anlaşmanın əldə olunmasını, bəziləri isə ilk növbədə milli maraqlarının təmin edilməsini istəyirlər. Belə bir şəraitdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru deyib ki, İranın nüvə proqramı ilə bağlı ehtimal olunan keçmiş məsələlər barədə təyin olunmuş möhlətin sonuna yəni, iyun ayının 30-na kimi anlaşmanın əldə olunması zərurət daşımır.
Yokio Amano Sank Peterburqda keçirilən Beynəlxalq İqtisadiyyat Forumunun kənarında deyib ki, 30 iyun tarixinə kimi İranın nüvə proqramının hərbi cəhətlərə malik olmaması ilə bağlı zəmanətlərin verilməsini zəruri hesab etmir. Amano bu sözləri ABŞ dövlət katibi Con Kerrinin "5+1 qrupu bütün diqqətini İranın nüvə proqramının keçmişinə yox, gələcəyinə yönəltmək niyyətindədir" deməsindən 2 gün sonra bildirib. Kerrinin bu sözləri əslində İranın nüvə proqramının hərbi cəhətlərə malik olması ehtimalı ilə bağlı keçmiş mövqedən geri çəkilmək mənasındadır. Bu da bir sıra ciddi reaksiyalara səbəb olub və Con Kerrinin sözçüsünü dövlət katibinin səsləndirdiyi fikirlər barədə açıqlama verməyə məcbur edib. ABŞ Dövlət Departamentinin sözçüsü Con Korbi Vaşinqtonun mövqeyində heç bir dəyişikliyin baş vermədiyini İrana qarşı sanksiyaların ləğv edilməsinin, İranın nüvə proqramının keçmişi ilə bağlı izahatın verilməsindən asılı olduğunu deyib. İranın nüvə proqramının hərbi cəhətlərə malik olması ehtimalı ilə bağlı səsləndirilən fikirlər uzun illərdir ki, Amerika və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən təkrarlanır. Halbuki, bu iddialarla bağlı sənədlər indiyə kimi öz təsdiqini tapmayıb.
İranın nüvə işi ilə bağlı Lozanna bəyannaməsinin ardınca yekun anlaşma sənədinin hazırlanması üzrə danışıqların 8-ci dövrü çərşənbə günündən etibarən Vyanada start götürüb. Müzakirələrdə İran xarici işlər nazirinin müavinləri və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin müavini habelə, 5+1 qrupu ölkələrinin nümayəndələri iştirak edirlər.

Teqlər