Ruhani: Hərbi müdaxilə beynəlxalq sülh üçün təhdiddir
-
Robert Dasi - Həsən Ruhani
İran İslam Respublikası prezidenti ölkələrin daxili işlərinə müdaxilənin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olduğunu deyib.
İİR prezidenti Həsən Ruhani bu gün Tehranda Toqonun xarici işlər naziri Robert Dasi ilə görüşündə iki ölkənin dünyanın üzləşdiyi problemlərin həlli üçün beynəlxalq təşkilatlarda birgə əməkdaşlıqlarının artırılmasını vurğulayaraq deyib: Dünyada sülh və təhlükəsizliyin təhdid olunması, zorakılıq və terrorizmin yayılması beynəlxalq ictimaiyyətin qarşı-qarşıya durduğu iki əsas problemdir.
Ruhani dövlətlərin regionda öz məqsədlərinə nail olmaları üçün terrorizmdən istifadə etmələrinin heç də yaxşı vasitə olmadığını bildirərək deyib: Bəzi ölkələrin terroristlərə maliyyə və hərbi yardımları və onlardan vasitə kimi faydalanmalarına son qoyulmalı, beynəlxalq təşkilatlar bu problem ilə mübarizə üçün birgə qərara gəlməlidirlər.
Bu görüşdə Toqonun XİN başçısı da ölkəsinin terrorizm ilə mübarizədə İranla əməkdaşlıqlara hazır olduğunu bildirərək deyib: Afrika müstəmləkəçi güclərə deyil bu qitə xalqlarına aiddir və Afrika xalqları dost ölkələr, xüsusiylə də İranla münasibətlərin genişləndirilməsini istəyirlər.