Ruhani: İran bölgədə ixtilaflara son qoymaq üçün göstərilən səyləri alqışlayır
İran İslam Respublikası prezidenti terrorizm və bəzi ölkələrin yersiz müdaxilələrinin regionun alovlanmasına səbəb olduğunu deyib: İran regionda qarşıdurmalar və ixtilafların sona çatması ilə nəticələnəcək istənilən səyi alqışlayır.
İran prezidenti Həsən Ruhani çərşənbə günü Oman xarici işlər naziri Yusif Bin Ələvini Tehranda qəbul edib.
Tehran-Məsqət əməkdaşlıqlarının hərtərəfli şəkildə gücləndirilməsinin vacibliyini vurğulayan prezident Ruhani bildirib: ikitərəfli əməkdaşlıq və münasibətlərin hərtərəfli şəkildə inkişafı, gücləndirilməsi və möhkəmləndirilməsi istiqamətində Tehran-Məsqətin yaxşı münasibətlərindən İran və Oman xalqlarının xeyrinə istifadə etmək lazımdır.
Ruhani həmçinin deyib: Regionda terrorizmin kökünün kəsilməsi bütün ölkələrin köməyi və əməkdaşlığına ehtiyaclıdır və bu istiqamətdə bütün potensiallardan istifadə olunmalıdır.
İran İslam Respublikası prezidenti bəzi region dövlətlərinin Yəmən, Suriya, Bəhreyn və Qətərdə problemlərin baş verməsindəki yanlış qərarlarına toxunub və deyib: Yəmən və Bəhreyndə problemlərin həll yolu yalnız sülh və müzakirə yolu ilə mümkündür və bütün ölkələr regionda bu gərginliklərin bitməsinə çalışmalıdır.
Oman xarici işlər naziri Yusif Bin Ələvi də bu görüşdə regional ixtilafların diplomatik metodlarla dərhal həll edilməsini vurğulayıb və deyib: Regional məsələlər, həmçinin Suriya böhranının dinc yolla həlli və terrorizm və İŞİD-lə mübarizədə İran İslam Respublikasının rola malik olması önəmli və təsiredicidir.
Oman xarici işlər naziri həmçinin iki ölkə arasında müxtəlif sektorlar, o cümlədən iqtisadi və ticarət əlaqələri və liman əməkdaşlıqlarının möhkəmləndirilməsini istəyib.