May 14, 2018 09:16 Asia/Baku
  • İran xarici işlər naziri Rusiyaya daxil olub
    İran xarici işlər naziri Rusiyaya daxil olub

İran İslam Respublikasının xarici işlər naziri nüvə anlaşması ilə bağlı məsləhətləşmələrin davamında bu gün səhər Rusiyanın paytaxtı Moskva şəhərinə daxil olub.

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif Pekinə səfərini başa vurduqdan sonra Moskvaya səfər edib və Rusiya xarici işlər naziri ilə görüşüb. Görüşdə İran xalqının mənafeyinin təmin ediləcəyi təqdirdə nüvə anlaşmasının davam etməsinin mümkünlüyü barədə müzakirələr edilib. 

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif şənbə günü axşam siyasi-iqtisadi bir heyətin başında Pekinə səfər etmişdi. Bu səfərdə məqsəd ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra nüvə anlaşmasının taleyi ilə bağlı müzakirələrin aparılması olub. 
Məhəmməd Cavad Zərif Pekində Çin xarici işlər naziri Vanq Yi ilə görüşüb, danışıqlar aparıb. 

İranın xarici işlər naziri bu gün Lavrov illə görüşdükdən sonra Belçikaya səfər etməli və Almaniya, Fransa və Britaniya xarici işlər nazirləri habelə, Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşüb, danışıqlar aparmalıdır. 

Yaponiya və Norveç xarici işlər nazirləri də Məhəmməd Cavad Zərif ilə telefon əlaqəsi saxlayaraq, nüvə anlaşmasının qorunmasına təkid ediblər. 

Məhəmməd Cavad Zərif İran İslam Respublikası prezidenti Həsən Ruhaninin göstərişi əsasında nüvə anlaşmasının taleyi ilə bağlı məsləhətləşmələr aparmaq üçün bu turneyə çıxıb. 

ABŞ prezidenti Donald Tamp çərşənbə axşamı bir daha İrana qarşı əsassız ittihamları təkrar edərək, Vaşinqtonun nüvə anlaşmasından çıxmasına dair fərman imzaladı və İrana qarşı nüvə sanksiyalarının 3-6 ay ərzində bərpa olunacağını bildirdi. 

Trampın bu qərarı ABŞ-ın daxilində və dünya səviyyəsində ciddi reaksiyalara səbəb olub. 

Teqlər