Ruhani AB-nin acizliyini tənqid edib
İran İslam Respublikasının prezidenti deyib ki, Amerikanın nüvə anlaşmasından çıxmasından sonra Avropa Birliyi bu anlaşmada öz öhdəliklərinin icrası istiqamətində təsirli addımlar ata bilmədi.
Bu gün Tehranda Hollandiyanın xarici işlər naziri Stef Blok ilə görüşən Həsən Ruhani sonra bildirib ki, Amerikanın nüvə anlaşmasından çıxması region və dünya xalqlarının, həmçinin Amerika xalqının özünün zərərinə olubdur.
“Hamı nüvə anlaşmasının qorunmasına çalışmalıdır” deyən Ruhani qeyd edib ki, İran bu sahədə Avropa Birliyi ilə dialoq yolunu bağlamayıbdır.
Amerikanın İrana qarşı qanunsuz və birtərəfli sanksiyalar tətbiq etməsinə işarə edən Ruhani söyləyib: Amerikanın zalımcasına sanksiyaları hətta İran xalqının dərman və yeməyini də əhatə edib və dünyanın azadlıqsevər xalqlarının aydın səslə bu qanunsuz sanksiyaları pisləyəcəkləri gözlənilir.
İran İslam Respublikasının prezidenti həmçinin Qərbi Asiya bölgəsindəki əmin-amansızlığın kökünü Amerikanın bu bölgədə iştirakı və rəftarı adlandırıb və belə deyib: Əgər Amerika özünün qeyri-düzgün müdaxilələri və terror cinayətlərinə son qoyarsa, Qərbi Asiya təbii olaraq əmin-aman olacaqdır.
Ruhani vurğulayıb: Qərbi Asiyanın təhlükəsizliyi bu region ölkələri tərəfindən qorunmalıdır və xarici qüvvələrin müxtəlif koalisiyalar adı altında Fars Körfəzi bölgəsində iştirakları regionun təhlükəsizliyinin zərərinədir.
Hollandiyanın xarici işlər naziri Stef Blok da bu görüşdə nüvə anlaşmasının beynəlxalq bir anlaşma kimi qorunması vacibliyini vurğulayıb. Qeyd edib ki, Amerikanın nüvə anlaşmasından çıxması düzgün hərəkət deyildi.
Ölkəsinin nüvə anlaşmasının qorunmasına səy göstərəcəyini bildirən Hollandiyanın xarici işlər naziri deyib: Danışıqları davam etdirməliyik. Müzakirə problem və ixtilafların həll yolu ola bilər.