Dek 03, 2020 22:43 Asia/Baku
  • Ruhani:

İran İslam Respublikası prezidenti Tehran və Ankaranın arasında beynəlxalq məsələlərdə əməkdaşlıq və fikir mübadiləsinin zəruriliyini vurğulayaraq, deyib: "İran və Türkiyə əməkdaşlıq və məsləhətləşmə ilə İslam dünyasındakı mübahisələri azalda bilərlər".

SəhərAzəri xəbər verir ki, bu gün İran İslam Respublikası prezidenti Həsən Ruhani ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı Həsən Ruhani qeyd edib ki, düşmənlərinin nüfuzunun qarşısını almaq üçün İslam dünyasındakı çatı bərpa etmək təcili bir ehtiyacdır.

Ruhani İran ilə Türkiyə arasında müxtəlif sahələr üzrə əməkdaşlıq prosesinə toxunub və  iki ölkə arasında Strateji Əməkdaşlıq Ali Şurası və birgə İqtisadi komissiyanın altıncı iclasının razılaşmalarının həyata keçirilməsi vacibliyini vurğulayıb.

İran İslam Respublikası prezidenti, həmçinin iranlı alim şəhid Möhsün Fəxrizadənin sionistlər tərəfindən terror edilməsini qeyri-insani və böyük bir cinayət adlandırıb və deyib: "Bu terrorun kimlər tərəfindən törədildiyi tamamilə aydındır və bu şəhidin doğru zamanda qisasını almaq İran hökumətinin haqqıdır".

Ruhani sözlərinin davamında ABŞ-ın yeni seçilmiş prezidentinin bu ölkənin nüvə anlaşmasına qeri dönməsi ilə bağlı açıqlamasına toxunaraq, deyib: "Əgər qarşı tərəflər nüvə anlaşması ilə bağlı öhdəliklərinə əməl edərlərsə, İran da öz öhdəliklərinə əməl edəcəkdir".

İran prezidenti, həmçinin Azərbayca Respublikası ilə Ermənistan arasındakı Qarabağ münaqişəsini xatırladaraq, terrorçuların regiona sızmasının və onun fəsadlarının qarşısının alınması zəruriliyini vurğulayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Dr. Möhsün Fəxrizadənin şəhadəti münasibətilə İran xalqı və dövlətinə başsağlığı verərək, bu terrorçu hərəkəti qınayıb və deyib: "Şübhəsiz ki bu terror hücumu regionun sülh və sabitliyini hədəfə alıbdır".

Ərdoğan, həmçinin yeni beynəlxalq vəziyyət və ABŞ hökumətində yeni bir dövrün başlanmasına toxunaraq, hazırkı dövrdə təhdid və sanksiyaya əsaslanan zehniyyətin ölkələrlə dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıqla əzəv olunacağına ümidvarlıq ifadə edib. 

Ankara-Tehran münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinin zəruriliyinə toxunan Türkiyə prezidenti, iki ölkə arasındakı Strateji Əməkdaşlıq Ali Şurasının qərar və razılaşmalarının tez bir mzamanda həyata keçirilməsini izləməyin vacibliyini vurğulayıb..

Teqlər