Vaezi: "İldə 120 kiloqram uran zənginləşdirilməlidir"
İran İslam Respublikası Prezident Administrasiyasının rəhbəri deyib: "İranın Atom Enerjisi Təşkilatı bir il ərzində 120 kiloqram 20 faizlik uranın zənginləşdirilməsi üçün hazırlıq işləri görür".
SəhərAzəri "İran Press"ə istinadən xəbər verir ki, İran İslam Respublikası Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi çərşənbə günü Nazirlər kabinetinin iclası çərçivəsində deyib: "Sanksiyaların aradan qaldırılması qanununa əsasən, İranın Atom Enerjisi Təşkilatı bu qanunun təsdiqlənməsindən dərhal sonra 20 faizlik zənginləşdirməni başlamalıdır".
"20 faizlik uranın zənginləşdirilməsinin öz texniki həssaslıqları vardır və bunun üçün Atom Enerjisi Təşkilatında hazırlıq işləri görülür", - deyə M.Vaezi əlavə edib.
Qeyd edək ki, İran İslam Şurası Məclisinin deputatları 2020-ci il dekabrın 1-də keçirilən plenar iclasda, Atom Enerjisi Təşkilatına sülhməramlı məqsədlər üçün uranı 20 faizdən çox zənginləşdirmək üçün tapşırıq veriblər".