Sen 27, 2021 11:38 Asia/Baku
  • Bu gün səfər ayının iyirmisi Ərbəin günüdür

Hicri-qəməri təqvimi ilə səfər ayının 20-si dünya müsəlmanlarının üçüncü imamı Həzrət İmam Hüseynin (ə) şəhid edilməsinin 40-cı gününə təsadüf edir.

SəhərAzəri-nin məlumatına əsasən, müsəlmanlar məhərrəm ayının ilk 10 günü və Ərbəin gününü xüsusi əzadarlıq günləri kimi qeyd edirlər. Kərbəla şəhidlərinin matəmini 40 gün qeyd etmək ənənəsinin yaranma tarixi Aşura hadisəsinin baş verdiyi hicri 61-ci illə bağlıdır. 

Hər il müsəlmanlar Ərbəin günündə Nəcəfdən Kərbalaya 80 km yolu piyada qət edərək, İmam Hüseynin fədakarlığını, qəhrəmanlğını və onun Əhli-beytinin gördüyü məşəqqətləri anırlar.

Ərbəin yürüşü İslam ümmətinin son məqəsdinin reallaşmasına, yəni yeni və böyük İslam mədəniyyətinin təşəkkülünə zəmin yaradır. Bu cəhətdən şiə və sünni olmasından asılı olmayaraq müsəlmanlar və digər millət və xalqlar arasında möhkəm bağlılıqlar bu yürüşdə daha çox müşahidə olunur.

Qeyd edək ki, ötən ilki kimi bu ildə də Ərbəin mərasimi başqa ictimai ayinlər kimi koronavirus pandemiyasına görə məhdudiyyətlər tətbiq edilməklə keçirilir. Bu il Ərbəin ziyarətində İraq əhalisindən əlavə təqribən 150 min civarında xarici zəvvarın; o cümlədən 50 min iranlı və 700 azərbaycanlı zəvvarın qatıldığı deyilir.

Hər il Ərbəin ziyarətinə Azərbaycan Respublikasından on minlərlə zəvvar yollanırdı. Lakin bu il koronavirus pandemiyasına görə məhdud sayda zəvvar yalnız hava yolu ilə Kərbəlaya yola düşüblər. Bu ilin Ərbəin günü 44 günlük Qarabağ müharibəsinin başladığı günə və şəhidlərin anım gününə təsadüf edir. Məhz belə bir gündə İmam Hüseyn aşiqləri olan inanclılar fədakarlığı Qarabağ cəbhəsi yolunda axtarmağa başladılar. Səfərbərlik başlayan gündən inanclıların xüsusi aktivliyi açıq aşkar göründü. İmam Hüseyn fədakarlığı və şəhadət məktəbi bir daha tarixdə öz izini buraxdı və bu şəhidlik ruhiyyəsi sayəsində yeddi rayon və Şuşa erməni işğalından azad edildi.

Teqlər