Rəisi: "Tehran-Moskva münasibətləri strateji xarakter daşıyır"
İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi çərşənbə günü axşam Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
SəhərAzəri-nin məlumatına əsasən, prezident İbrahim Rəisi bu görüşdə, iki güclü ölkə olan İran və Rusiyanın regionda, eləcə də dünyada təsirli rolunu vurğulayaraq deyib: "Rusiya ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün heç bir məhdudiyyət yoxdur və Tehran ilə Moskva arasındakı mükəmməl münasibətlər strateji xarakter daşıyır və bu əlaqələr daha da inkişaf edəcək".
O, regional və beynəlxalq məsələlərin qarşılıqlı anlaşmasını İran və Rusiyanın müştərək əməkdaşlığının əsasları adlandırıb və deyib ki, İran-Rusiya münasibətləri strateji münasibətlərə yüksəlməkdədir.
Prezident Rəisi daha sonra qonşu və müttəfiq ölkələrlə maksimum qarşılıqlı əlaqələrin genişləndirilməsini İranın xarici siyasətinin prioriteti kimi qeyd edib və bildirib ki, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi hər iki ölkə üçün iqtisadi rifah gətirəcək və həm regionda, həm də dünyada təhlükəsizlik şəraitini gücləndirəcək.
Prezident İranın müstəqil hökumətlərlə əməkdaşlığının beynəlxalq proseslərdən asılı olmayaraq genişləndiyini vurğulayıb və terrorizm və narkotiklərin mütəşəkkil və qanunsuz dövriyyəsi ilə mübarizənin birgə əməkdaşlığın sütunlarından olduğunu bildirib və deyib:"İki ölkənin Suriyada terrorla mübarizədə əldə etdiyi yaxşı təcrübə Qafqaz və Əfqanıstanda da istifadə oluna bilər".
O, həmçinin Qafqazda sərhədlərin toxunulmazlığı prinsipinə və regionun milli suverenliyi və geosiyasətinə hörmətlə yanaşmağın vacibliyini vurğulayaraq, region ölkələrinin iqtisadi inkişafının artırılması üçün əməkdaşlığın zəruriliyinə qeyd edib.
Onun fikrincə, NATO-nun Qafqaza və Mərkəzi Asiyaya nüfuz etməsi müstəqil ölkələrin ümumi maraqlarına təhlükə yaradacaq.
Prezident Rəisi Əfqanıstanda sabitlik və davamlı təhlükəsizliyin yeganə yolunun bütün etniklərin və qrupların iştirakı ilə inklüziv hökumətin formalaşdırılması olduğunu bildirib və rusiyalı həmkarına xitabən deyib: "Biz də sizin kimi 40 ildir ki, ABŞ-ın qarşısında dayanmışıq".
Rəisi Suriyada terrorla mübarizədə İran və Rusiyanın əməkdaşlığını uğurlu təcrübə adlandırıb və Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayaraq, deyib: "Mərkəzi hökumətin Suriyanın bütün torpaqları və beynəlxalq sərhədləri üzərində tam suverenliyi bu ölkədə təhlükəsizliyi təmin etməyin yeganə yoludur və Suriyada, işğalçılarla terrorçuların absurd dövriyyəsi dayandırılmalıdır".
Prezident Astana prosesini Suriya məsələsinin diplomatik həlli üçün yaxşı çərçivə kimi qiymətləndirib.Bu görüşdə hər iki tərəf dünyanın əsas probleminin mənəviyyatdan uzaqlaşma olduğunu vurğulayıb.