Fev 21, 2022 19:56 Asia/Baku
  • Seyid İbrahim Rəisi  və Təmim bin Həməd Ali Sani
    Seyid İbrahim Rəisi və Təmim bin Həməd Ali Sani

İran İslam Respublikası prezidenti deyib: "Biz regional münasibətlərdə qarşılıqlı fəaliyyət, əməkdaşlıq və inteqrasiya istiqamətində dəyişiklik axtarırıq və çətin günlərdə dostluğumuzu regionun bütün ölkələrinə sübut etmişik".

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi Dohaya səfəri çərçivəsində Qətər əmiri Təmim bin Həməd Ali Sani ilə keçirdiyi birgə mətbuat konfransında əlavə edib: "İranın hər zaman müstəqil ölkələrin mənafeyinin yanında olduğunu sübut edib".

İran İslam Respublikasının terrorizmlə mübarizə və düşmənlərin maksimum təzyiq kampaniyası sahələrində mübarizədə qalib gəldiyini bildirən prezident Rəisi ABŞ-ın əsas sanksiyaları ləğv etmək üçün iradəsini sübut etməli olduğunu vurğulayıb.

O, razılığa gəlmək üçün İran xalqının maraqlarının təmin edilməsi, xüsusilə sanksiyaların ləğvinin, etibarlı təminatın və siyasi iddiaların bağlanmasının zəruri olduğunu söyləyib.

İran prezidenti Qərbi Asiya regionunun yeni mərhələyə daxil olduğunu bəyan edərək, qeyd edib ki, son bir neçə onillikdə baş verən hadisələrin mühüm dərsi ondan ibarətdir ki, birincisi, təcavüz uğursuzluğa məhkumdur, ikincisi, müqavimət ona cavab verir, üçüncüsü, regiondakı problemlərin heç birinin hərbi həlli yoxdur.

Qətər əmiri də bu mətbuat konfransında Qətər və İran arasında imzalanan müqavilə və anlaşma sənədlərindən məmnunluq ifadə edərək, deyib: "Bu, çox mühüm məsələdir və onların həyata keçirilməsi izlənilməlidir".

Qətər əmiri Fələstin məsələsinə toxunaraq, deyib: "Biz Fələstin məsələsini bölgənin əsas məsələsi olduğu üçün müzakirə etdik və İsrailin Fələstin xalqına qarşı təcavüzünün dayandırılması və beynəlxalq qətnamələr əsasında həll yolunun yaradılması və Fələstin xalqının öz müqəddəratını təyinetmə və dinc və ləyaqətlə yaşamaq hüququnun vacibliyini vurğuladıq". 

İran İslam Respublikası prezidenti və Qətər əmirinin iştirakı ilə iki ölkənin yüksək səviyyəli rəsmiləri aviasiya, ticarət, dənizçilik, radio və televiziya, xarici siyasət (vizanın ləğvi), elektrik enerjisi, standartlar, mədəniyyət və təhsil sahəsində 14 əməkdaşlıq sənədi imzalayıblar.

Qətər əmiri İranı ilk Asiya ölkəsi kimi Qətərdə 2022-ci ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanması münasibətilə təbrik etdikdən sonra ölkəsinin milli futbol komandasının formasını Rəisiyə hədiyyə edib.

Prezident bu gün axşam saatlarında Qətərdə yaşayan iranlılarla, həmçinin Qətər və İranlı iş adamları ilə görüşə qatılacaq və iki ölkənin yüksək səviyyəli nümayəndə heyətləri ikitərəfli ən mühüm məsələləri müzakirə edəcəklər.

Raisi Dohaya səfərinin ikinci günündə Qaz İxrac edən Ölkələr Forumunun altıncı sammitində çıxış edəcək.

Teqlər