Rəisi: İran ABŞ-ın quldurluğu qarşısında boyun əyməyəcək
-
Çin və İran
İran prezidenti İbrahim Rəisi cümə günü çinli həmkarı Si Cinpinlə görüşündə deyib ki, İran İslam Respublikası ABŞ-ın quldurluğu qarşısında boyun əyməyəcək.
SəhərAzəri-nin məlumatına əsasən, Görüş Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 22-ci sammiti çərçivəsində baş tutub.
Rəisi İranın ŞƏT-ə tamhüquqlu üzvlüyü və İranın BRICS qrupuna qoşulmasına verdiyi töhfə ilə bağlı konstruktiv mövqelərinə görə Çinə təşəkkür edib.
İran prezidenti İran-Çin strateji hərtərəfli əməkdaşlıq planını iki xalqın bütün sahələrdə əlaqələri genişləndirmək əzmininin göstəricisi adlandırıb.
Prezident Rəisi qeyd edib ki, iki ölkənin neft-energetika, tranzit, kənd təsərrüfatı, ticarət və investisiya sahələrində mövcud imkanları iqtisadi əlaqələrin dərinləşməsi üçün lazımi zəmin yaradır.
O, həmçinin ABŞ və avropalıların İrana qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı öhdəliklərini pozduqlarını vurğulayıb və İranın ABŞ-ın zorakılığı qarşısında heç bir vəchlə geri çəkilməyəcəyini söyləyib.
Çin prezidenti Si Cinpin də öz növbəsində İranın beynəlxalq məsələlərdə müstəqil mövqeyini yüksək qiymətləndirib və iki ölkənin əlaqələrinin strateji xarakter daşıdığını və beynəlxalq hadisələrdən asılı olmayaraq genişlənəcəyini bildirib.
Prezident Si Cinpin, həmçinin Çinin interaktiv mexanizmlərdən, xüsusən də hər iki ölkənin yüksək profilli nümayəndələri arasında qarşılıqlı əlaqədən faydalı istifadə etməyə hazır olduğunu bildirib.
O, İranın beynəlxalq və regional məsələlərdə mühüm rolunu vurğulayıb və Çinin İranın BRICS-ə qoşulmasına dəstək verdiyini bildirib.
Si Cinpin prezident Rəisini rəsmi olaraq, Çinə səfərə dəvət edib.