May 01, 2023 18:34 Asia/Baku
  • İran Fransa casusları ilə əlaqədə ittiham olunan şəxsləri həbs edib

İran marksist əks-inqilabçı qruplar, "Mücahidin-e-Xalq" terror təşkilatı (MKO) və Fransa casusları ilə əlaqəsi olan elementlərdən ibarət şəbəkə üzvlərini həbs edib.

SəhərAzəri-nin məlumatına əsasən, "FARS" xəbər agentliyi məlumatlı mənbələrə istinadən bildirib ki, keçmişdə həbs cəzası alan və Müəzzəm Rəhbərin əfv fərmanı ilə həbsdən azad edilən bu məhbuslar fəhlə və müəllim toplantılarında  gərginlik yaratmaq və onları ümummilli tətillərə sövq etmək, həmçinin məktəblərdə saxta zəhərlənmə layihəsini yenidən gündəmə gətirmək üçün birləşiblər.

Məlumata əsasən, həbs edilənlər arasında Anişa kimi tanınan Məryəm Əsədullahi və Reyhanə Ənsari də var. Onlar ötən il iki Fransa casusu ilə əlaqə saxladıqlarına və əməkdaşlıq etdiklərinə görə həbs olunmuşdular.

Sözü gedən Fransa casusları ötən il Müəllimlər və Fəhlə günləri ərəfəsində iğtişaşlar təşkil etmək, agentlərini pulla təmin etmək üçün ölkəyə daxil olmuşdular. Onkar bir müddət izləndikdən və yerli qolları müəyyən edildikdən sonra kəşfiyyat qüvvələri tərəfindən həbs olunublar. 

Saxlanılan şəxslər özlərini həmkarlar ittifaqı adlandıran qeyri-qanuni bir təşkilatın keçmiş rəhbərinin evində toplaşıblar və mövcud məlumata görə, bu görüş xaricdəki ünsürlərin rəhbərliyi altında və məhbus ailələrinə baş çəkmək adı altında keçirilib.

Teqlər